Gələn ilin də dövlət büdcəsi sosialyönümlü olacaq - RƏYLƏR

Gələn ilin də dövlət büdcəsi sosialyönümlü olacaq - RƏYLƏR

"Dövlət buna hazır olmasa, belə ağır maliyyə yükünü çiyinlərinə götürməzdi"

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib. Artıq sənədin parlament müzakirəsinin vaxtı daramaqdadır. Maraqlıdır, bir çox detalları məlum olan və  ictimaiyyətə təqdim edilən büdcə özündə hansı yenilikləri ehtifa edir?  Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, 2020-ci ilin büdcəsi bir qədər aşağı, bir qədər yuxarı olmaqla, təqribən 2019-cu ilin makroiqtisadi şəraitinə oxşar bir şəraitdə reallaşacaq: "Yəni, 2020-ci ilin büdcəsində iqtisadi artım 2019-cu ilin yanvar-avqust aylarında özünü göstərən səviyyədə - 2,4 faiz səviyyəsində proqnozlaşdırılıb. Amma inflyasiya builkindən çox olacaq və ona görə də 4,6 % səviyyəsində proqnozlaşdırılıb. Manatın məzənnəsinin 1 manatın 70 qəpik səviyyəsində qalacağı açıqlanıb. Həmçinin gələn ilin büdcə proqnozlarının əsasına dünya bazarında neftin qiymətinin 55 dollardan götürülmüş proqnozlar qoyulub. Hesab edirik ki, qlobal iqtisadiyyatda qeyri-adi şok, kataklizmlər və neftin qiymətində uzunmüddətli kəskin enmələr olmasa, sadaladığımız həmin əsas iqtisadi parametrlər gələn ilin büdcəsinin sabit şəkildə reallaşdırılması üçün iqtisadi cəhətdən əsaslar yaradacaq". Onun sözlərinə görə, gələn ilin büdcəsi 2019-cu ildə başlamış, eləcə də bir sıra sahələrdə genişləndirilməsi gözlənilən islahatların həyata keçirilməsi ilə paralel reallaşdırılacaq: "Gələn il büdcə xərclərinin 2019-cu il ilə müqayisədə 427 milyon manat artırıb 25,6 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə xərclərinin artırılmasının əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla əlaqədar üçüncü, vacib, həm də müsbət məqam ondan ibarətdir ki, 2020-ci ilin büdcəsində əvvəlki illərin büdcələrilə müqayisədə sosiala, icbari tibbi sığortaya və sair sahələrə çox vəsait ayrılacaq. Belə ki, əgər 2019-cu ildə büdcənin sosial yönümlü xərcləri cəmi xərclərin 30 faizi ətrafında proqnozlaşdırılıbsa, 2020-ci ildə 2 milyard 664 milyon manat artırılaraq cəmi xərclərin 40 faizinin üstündə olacaq. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Əməyin ödənişi üzrə xərclər 6,7 milyard manata, təqaüd və sosial müavinətlər üzrə 3,2 milyard manata çatdırılacaq. 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsində 900 milyon manatdan artıq maliyyə vəsaiti nəzərdə tutulub".

Millət vəkili qeyd edib ki, gələn ilin büdcəsinin ilkin məlumatları ilə tanışlıq göstərir ki, 2020-cu ilin büdcəsi də özündən əvvəlki büdcələrdə olduğu kimi, bir sıra problemləri daşıyacaq. Həmin problemlərin içərisində daha çox diqqəti çəkən məqam ondan ibarətdir ki, büdcənin son iki ildə, yəni 2018-2019-cu illərdə olduğu kimi 2020-ci ildə də əvvəlki üç ildən fərqli olaraq neftdən asılılığı yenə gücləndirilməyə başlayıb. 2020-ci ildə Dövlət Neft Fondundan büdcəyə 2019-cu ildəkindən 400 mln. manat çox, yəni 11,8 milyard manata yaxın vəsaitin transfer edilməsi nəzərdə tutulub. Bu gəlirləri 24,5 milyard manata yaxın proqnozlaşdırılan büdcəsinin 48 faizi qədərdir. Gələn ilin büdcəsində neft amilinin birbaşa payı isə 57 faizdir. Dolayısı amilləri də əlavə etsək, bu rəqəm xeyli artar. Bu isə Azərbaycan büdcəsinin xarici konyunkturadan asılılığının gücləndirilməsi deməkdir. Hazırkı reallıqların məntiqindən çıxış edərək hər il Azərbaycanda Dövlət Neft Fondunun ehtiyatlarından büdcənin gəlirlərinin artırılması üçün istifadə edilir. Ona görə ki, hələ də vergilər, rüsumlar və sair vasitəsilə yığılan vəsait hesabına büdcədə nəzərdə tutulan cari xərcləri belə ödəmək mümkün deyil. Büdcəyə iri məbləğli əlavə vəsaitin cəlb edilməsi Dövlət Neft Fondu vasitəsilə həyata keçirilir. Amma bunun optimal variantda meyarları, hədləri, Strateji Yol Xəritəsində göstərildiyi kimi, neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsinin "qızıl qaydaları" olmalıdır".

Müstəqil ekspert Elman Babayev qeyd edib ki, gələn ilin dövlət büdcəsinin layihəsini açıqlamaqla Maliyyə Nazirliyi bir ilkə imza atıb: "Belə ki, indiyədək ölkəmizdə tam əlçatan olmayan yeganə büdcə sənədinin büdcə öncəsi bəyanat olduğu barədə iddialar səslənirdi. Bu il Maliyyə Nazirliyi həmin büdcəöncəsi ilkin göstəriciləri (bəyanatı) açıqlayıb. Növbəti il və orta müddətli dövr üçün icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə mütərəqqi beynəlxalq praktikaya uyğun açıqlanmasının təşkili məqsədi ilə "Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" hazırlanıb və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Bu, o deməkdir ki, büdcə parlament müzakirəsindən qabaq artıq ictimai rəy bildirmək istəyənlərin əlindədir. Təhlil və rəylər üçün fürsət yaradılıb. Sadəcə, lazımdır ki, bu vacib sənəd haqqında obyektiv mövqelər ortaya qoyulsun. Lakin indidən demək olar ki, qarayaxma yolunu seçənlər növbəyə durub, hakimiyyətə bu sənəd üzərindən hücuma keçməyə maraq güdənlər var. Amma etiraf olunmalıdır ki, sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edir və sənədin ən azı 1 ay öncə ictimailəşməsi mütərəqqi beynəlxalq praktikaya uyğun olmaqla Açıq Büdcə indeksinin qaydalarına tam cavab verir". Onun bildirdiyinə görə, sosial sahəyə ayrılan xərclərin artımı da diqqət çəkən məqamlardandır: "Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial rifahının gücləndirilməsi üçün atdığı addımlar büdcəyə təsirsiz ötüşməyib. Ölkə rəhbərinin müvafiq Sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını bu həddə çatdırmağa səbəb olub. Rəqəmlərə istinad etsək, büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2664,2 mln. manat çoxdur.Təbii ki, dövlət buna hazır olmasa, belə ağır maliyyə yükünü çiyinlərinə götürməzdi".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31