Məşğulluqla bağlı hansı problemlər yaşanır? - ŞƏRH

Məşğulluqla bağlı hansı problemlər yaşanır? - Şərh

Nazirlik: İşsizliyin sayının artmasına səbəb işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır

Əhalinin məşğulluq probleminin həlli Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm tərkib hissələrindən sayılır. Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə belə əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi mexanizmi həyata keçirilir. Məşğulluğun vəziyyətinə təsir göstərilməsinin ən mühüm yollarından biri də sərbəstləşmiş iş yerlərinə uyğun olaraq iş qüvvəsinin yenidən hazırlanması miqyasının hərtərəfli inkişaf etdirilməsindən ibarətdir ki, Azərbaycanda bu iqtiqamətdə ciddi addımlar atılmaqdadır. Bununla əlaqədar olaraq, həm də iş qüvvəsinin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi, əmək və sahibkarlıq fəallığının stimullaşdırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əmək haqqının ödənilməsində yeniliklər edilməsi, əməyin stimullaşdırıcı funksiyasının təmin olunması da az əhəmiyyət kəsb etmir. Qeyd edək ki, hazırda ölkəmizdə əmək bazarının tənzimlənməsi sahəsində dünya təcrübəsində özünü doğrultmuş metodlardan istifadə olunur. Şübhəsiz ki, dünyada mövcud olan əmək bazarının tənzimlənməsi modellərinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var.  Odur ki, həmin təcrübənin müsbət cəhətlərindən yararlanmaq, zaman keçdikjə baş verən yeniliklərdən istifadə etməklə tam məşğulluğun təmin olunması və işsizliyin azaldılması sahəsində məqsədyönlü işlər görmək, tədbirlər həyata keçirməklə ölkəmizin iqtisadi potensialının artırılması və xalqımızın həyat səviyyəsinin yüksəldilməsində çox böyük nailiyyətlər qazanılması mümkündür. İnsafən deyilməlidir ki, elə Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məlumat üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub. Bu göstərici  ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur. Xüsusilə Prezident cənab İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanaraq icra olunan "İşsizin DOSTu" proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin "DOST İş Mərkəzi" tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında  ödənişli ictimai işlərlə təminatı həyata keçirilib. Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni zamanda 1200-ə yaxın vətəndaş üçün  peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə Xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib.

* * *

Bütün sadalananlara baxmayaraq bəzi ekspertlər hesab edirlər ki, hələ də ölkədə məşğulluqla bağlı problemlər qalmaqdadır. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, əhalinin məşğulluğu məsələsində böyük addımların atılmasına baxmayaraq, hələ də problemlər qalmaqdadır: "Odur ki,  bizdə də dünyada mövcud olan əmək müəssisələri ilə bağlı qanun layihəsinin hazırlanması, müzakirələrə çıxarılması və qəbuluna ehtiyac var. Bizdə də bu qanun olmalıdır". Digər millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev qeyd edib ki, Dövlət Məşğulluq Xidməti işlə bağlı müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: "Həmin şəxs də deyir ki, ali təhsillidir, ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Nəticədə insanlar iş üçün deputatlara müraciət edirlər. Bu məsələyə hansısa formada baxılmalıdır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, sosial sahədə aparılan məqsədyönlü islahatlar nəticəsində yeni "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın təsdiqi, məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edən "Məşğulluq" altsisteminin (MAS) yaradılması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, onların sürətli, rahat və şəffaf şəkildə məşğulluq xidmətlərinə çıxışı üçün geniş imkanlar yaradıb: "1 sentyabr 2019-cu il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsiz şəxs kimi qeydiyyata alınanların sayı 70,9 min nəfər olub. 2018-ci ilin analoji dövründə isə bu göstərici 35,4 min nəfər təşkil edib. Onu da xüsusi vurğulayaq ki, məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxs Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkib hissəsidir. Məlumat üçün bildiririk ki, artımın səbəbi işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin daha operativ və keyfiyyətli şəkildə təmin edilməsinə yönəlmiş dövlət siyasətinə uyğun olaraq, yeni "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə işsiz statusunun verilməsi prosesinin sadələşdirilməsi və müddətinin azaldılması, habelə elektronlaşdırılması ilə bağlıdır. Belə ki, yeni "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanuna əsasən MAS-da işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST" mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur. Qeyd olunan prosedur dövlət məşğulluq tədbirlərinin operativ və sistemli şəkildə həyata keçirilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin bilavasitə gücləndirilməsini təmin edir. Həmçinin bildiririk ki, 2019-cu ilin 8 ayı ərzində dövlət məşğulluq xidməti orqanları tərəfindən işlə təmin olunanların sayı 60 min 475 nəfər təşkil edib, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6% çoxdur. "DOST İŞ" Mərkəzi tərəfindən 38 min, dövlətə məxsus hüquqi şəxslər tərəfindən 26 min ictimai iş yerləri yaradılıb. 2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi məqsədi ilə digər aktiv məşğulluq tədbirləri də davam etdirilir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31