Avronu möhkəmlənmək imkanları tükənir - İqtisadçı

Avronu möhkəmlənmək imkanları tükənir

Bunun Azərbaycan iqtisadiyyatına hansı təsiri ola bilər?

Avropa Birliyi ölkələri avronun yüksək məzənnə səviyyəsinin ixraca mənfi təsir etdiyindən narahatdırlar. Buna səbəb Avropa Mərkəzi Bankını depozit faizlərinin endirilməsi barədə qəbul etdiyi qərardır. Avropa Birliyində hesab edirlər ki, valyuta bazarında baş verənlər ayrı-ayrı ölkələrin ixrac potensialına mənfi təsiri ilə müşahidə oluna bilər. Gözlənilən təhlükənin aradan qaldırılması üçün maliyyə bazarlarının Avrozona üzrə fundamental iqtisadi göstəriciləri lazımi səviyyədə dəyərləndirməsinə ehtiyac yaransa da hələlik bu istiqamətdə elə bir ciddi addım atılmayıb. Belə halda təbii ki, ABŞ dollarının hegemonluq təsirinin bərqərar olması qaçılmaz olur. Bu isə təbii ki, valyuta bazarlarındakı düzənsiz hərəkətlərin iqtisadiyyat və maliyyə stabilliyinə mənfi təsir etməsi ilə sonuclana bilər. Şübhəsiz ki, valyuta bazarında baş verən proseslər hüç də Azrozona ölkələri üçün arzuolunan deyil.

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Avropa Mərkəzi Bank depozit faizlərinin - 0.40 faizdən -0.50 faizədək endirilməsi barədə qəbul etdiyi qərar valyuta bazarına hələlik təsirsiz ötüşsə də bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyili azaltdı. Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyyətindədir. Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. "Əsas yenidən-maliyyələşdirmə əməliyyatları" və "marjinal maliyyələşdirmə" fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb: "Avropa Mərkəzi Bankı gözlənilənə nisbətən yumşaq qərar qəbul etsə də belə hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşlmır. Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırımayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilirmir. Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək".

***

Maraqlıdır, Avropanın valyuta bazarında baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına hansı təsiri ola bilər? Ekspertlərin qənaətinə görə, avronun möhkəmlənməməsi ilk növbədə avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Ancaq bu, heç də avronun dollara nisbətən məzənnəsinin kəskin azalmasından dəyən ziyanın kompensasiya edilməsi anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə "Avropa mallarının" Azərbaycanda daha bahalı satılmasına təsir edə bilər. İqtisadçı-ekspertin fikrincə, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətini artırmaq üçün kifayət deyil. Əvvəla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diktə etdiyi tarazlıq deyil. Bu isə təbii ki, manatın dollara nisbətən məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır. İkincisi, son dəyişikliklərdən sonra da avro zonada Azərbaycan məhsulları bahalı məhsullar statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır. V.Bayramov bildirib ki, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. Onun fikrincə, indiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı, qeyri-neft sektorunun inkişafını ləngidir: "Amerika iqtisadiyyatında müşahidə edilən problemlər, eləcə də Avropada müəyyən canlanma meyllərinin yaradılması, böhranın da çox müşahidə olunduğu Yunanıstanda bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi yönündə qərarlar və böhrandan çıxış üçün dövlət səhmlərinin buraxılması avronun mövqelərinin möhkəmlənməsinə pozitiv təsir göstərib. Güman edilir ki, artıq avronun dollara nisbətən məzənnəsi ilə bağlı tam proqnoz vermək mümkün olacaq. Çünki baş verən proseslər avronun dollara nisbətən uzunmüddətli məzənnəsinin formalaşmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda avro indiki mövqeyini qoruyub saxlamağa çalışacaq. Bu isə o deməkdir ki, avronun manata nisbətən məzənnəsi indiki məzənnə ətrafında stabilləşəcək". Ümumilikdə iqtisadçı ekspertlərin qənaəti ondan ibarətdir ki, Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi tədqirdə  mövcud məzənnə siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31