“Cənub dəhlizi” üçün digər mənbələr də var - KONFRANS
XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransına start verildi
6 İyun 2012 16:44 İqtisadiyyatİyunun 6-da XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası (Caspian Oil and Gas) konfransı Bakıda işə başlayıb. Konfransda 550 nümayəndə, o cümlədən müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndələri və regionun neft-qaz sənayesinin aparıcı şirkətlərinin rəsmiləri iştirak edib. Konfransda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Hasan Murat Mercan bidirib ki, hazırda Bakı-Tbilisi-Ceyhan kəmərinin dünya neft ixracında payı 1% təşkil edir. Nazir müavini bildirib ki, Türkiyə bundan sonra da qaz və neftin nəqli sahəsində çox etibarlı tərəfdaş olacaq: " Türkiyə digər mənbələrdən, o cümlədən Türkmənistandan da qazın Avropaya çatdırılmasına hazırdır. Azərbaycandan başqa, digər ölkələr də çox mühümdür və Türkmənistan qazının nəqlini nəzərdə tuturuq. Biz bu layihədə Türkmənistanın da mənbələrindən istifadə etməyə hazırlaşırıq.
Konfransda iştirak edən ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri xüsusi nümayəndəsinin baş müşaviri Daniel Steyn "Transxəzər" qaz boru kəməri barədə danışıb. O bildirib ki, Azərbaycan və Türkmənistan "Transxəzər" qaz boru kəməri barədə razılığa gəlsə, digər ölkələr buna mane ola bilməyəcək. Departament rəsmisi bildirib ki, "Cənub dəhlizi" ABŞ-ın Avrasiya siyasətinin ən ali məqsədlərindən biridir və "Şahdəniz" layihəsinin 2-ci mərhələsi də "Cənub dəhlizi"nin mühüm hissəsi olacaq: "Bir qədər əvvəl "Şahdəniz" layihəsinin iştirakçıları 4 mlrd. dollarlıq layihəni təsdiqləyiblər. "Cənub dəhlizi" üçün digər mənbələr də var ki, bura Azərbaycanın özünün digər yataqları və Türkmənistan aiddir. O cümlədən Türkmənistan qazı Transxəzər kəməri vasitəsilə Azərbaycan ərazisi ilə nəql edilə bilər".
Türkmənistan qazının Avropaya nəqli barədə danışan diplomat qeyd edib ki, hazırda Avropa Birliyi ilə Türkmənistan arasında danışıqlar gedir: "Türkmənistan və Azərbaycan kəmərlə bağlı razılığa gəlsə, bu layihəni öz ərazi suları ilə yerinə yetirmək qərarı versə, başqa ölkələrin veto hüququ olmayacaq".
D. Steyn ABŞ-ın "Cənub dəhlizi" ilə bağlı siyasətinin əsas şərtlərini də açıqlayıb. Bunlar müəyyən qaz həcminin bir sıra həssas ölkələrə çatdırılması, kəmərin genişləndirilməsi imkanının olması, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün balanslaşdırılmış enerjisi siyasətidir.
Tədbirdə çıxış edən "BP-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir isə bildirib ki, Azərbaycandan Avropaya qazın çatdırılmasına 45 milyard dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Gürcüstan sərhədinədək görülən işlərə təxminən 25 milyard dollar vəsaitin yatırılması gözlənilir: " Türkiyədən Avropaya qazın çatdırılmasına isə əlavə olaraq 15-20 milyard dollar lazım olacaq. "Şahdəniz-2" layihəsi çərçivəsində qazın illik hasilatı 16 milyard kubmetr təşkil edəcək. "Şahdəniz-2" layihəsi üzrə sanksiya da veriləcək.
O, həmçinin bildirib ki, "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində bu il may ayının 28-də neftin hasilatı 2 milyard. barelə çatdırılıb. Şirkət rəhbərinin dediyinə görə, bu prosesdə potensial daha böyükdür. O, Ceyhan limanından artıq 1800-ə yaxın tankerin yola salındığını deyib.
Samir