Dövlət ehtiyacları üçün alınan mülkiyyətə görə nə qədər haqq ödənilir?
28 Mart 2013 14:54 İqtisadiyyatOxucu redaksiyamıza müraciət edərək bildirir ki, məlumata görə, torpaqların dövlət ehtiyacları üçün alınması halında mülkiyyətçilərə əlavə olaraq əmlakının 20 faizi miqdarında pul ödənilir. Qanunvericilikdə belə bir tələb varmı?
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov "Olaylar"a bildirib ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu müddəa nəinki torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və s.) dövlət ehtiyacları üçün alınması hallarına da şamil olunur.