İqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif mövzularını əhatə edəcək 13 sərgi təşkil olunacaq
İqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif mövzularını əhatə edəcək 13 sərgi təşkil olunacaq
11 Sentyabr 2019 16:28 İqtisadiyyatSentyabr ayında təşkil olunacaq daxili və xarici bazarlar arasında mühüm birləşdirici bənd funksiyasını yerinə yetirən sərgilər yerli innovativ layihələrin reallaşdırılması üçün aparıcı texnologiya və kapitalın cəlb olunmasına, eləcə də yerli məhsulların satışına kömək edir və "Made in Azerbaijan" brendinin təşviqinə də şərait yaradır.
Olaylar.az bildirir ki, Caspian Event Organisers (СЕО) şirkəti tərəfindən təşkil olunan və dövlət strukturlarının dəstək verdiyi 13 sərgi iqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif mövzularını əhatə edəcək. Bu il Azərbaycanın iki ənənəvi sərgisi - "BakuBuild" və "bakutel" 25 illik, "Caspian Ecology" sərgisi isə 10 illik yubileylərini qeyd edir. Həmçinin bu il ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" sərgi və forumu da keçiriləcək.
2019-cu ilin sərgi mövsümü 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair" və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint" sərgiləri ilə start götürəcək. Builki sərgilərdə 40 şirkət iştirak edir. "Gift & Promo Fair" sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq
Sərgilər 12-14 sentyabr tarixlərində "Boulevard Hotel Baku"-da keçiriləcək.
Sərgi mövsümü 10-12 oktyabr tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Təhsil "EduExpo" sərgisi ilə davam edəcək. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstək və iştirakı ilə keçirilir. Sərginin xarici iştirakçıların sırasında Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə və Ukraynanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Belarus Respublikası Təhsil Nazirliyi, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu (İNO) və Şahid Behişti adına Tibb Universiteti sərgidə debüt edəcək. Lexoslar, CLASS/VR kimi avadanlıq təmin edən şirkətlər də iştirakçılar sırasındadır. Sərgidə həmçinin Azərbaycanın ADA, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və s. kimi aparıcı ali təhsil müəssisələri iştirak edəcəklər. Sərginin baş sponsoru "Kapital Bank"dır.