Azərbaycanda 10-dan çox müavinət uşaqların sosial müdafiəsinə yönəlib - TƏHLİL
11 Sentyabr 2019 14:34 İqtisadiyyatMüavinət, ünvanlı yardım və ailələrə dəstək proqramlarının paralel icrası qeyri-mümkündür
Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət cəmiyyətin bütün təbəqələrini əhatə etməkdədir. Xüsusən, cari ilin əvvəlindən başlanılaraq tətbiq edilən sosial paket layihələrindən hazırda ölkə vətəndaşları yararlanmaqdadır. Lakin buna baxmayaraq hazırda gündəmdə olan məsələlərdən biri uşaq pulunun bərpası ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, məsələ ətrafında ən müxtəlif versiyalarda fikirlər səsləndirilsə də rəsmi qurumlar tərəfindən onların heç biri təsdiqlənməyib. Xatırladaq ki, ilin əvvəlində məlumat yayılmışdı ki, aprelin birindən etibarən ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcək. Lakin məqsədli şəkildə yayılan məlumat təsdiqini tapmadı. Sözügedən məsələdən manipuliyasiya məqsədləri üçün istifadə cəhdləri yenidən müşahidə olunmaqdadır.
Odur ki, Azərbaycanda uşaqlarla bağlı tətbiq edilən sosial güzəştləri xatırlatmaq zərurəti yaranıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial müavinət növü vardır ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib. Belə ki, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.
Bir daha xatırladaq ki, Azərbaycanda sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur. Ölkə qanunvericiliyinə görə, aztəminatlı ailələrə sosial müavinətlərin verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür. Bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Qətiyyətlə demək olar ki, artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Prezident İlham Əliyev dövlət qayğısının yüksək nümunəsi kimi sosial təminatda daha bir addım ataraq 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla 1 sentyabr 2019-cu il tarixdən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılması, dövlət sektorunda çalışanların əməkhaqlarının 20-50 faiz artımı da öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Konkret olaraq Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldir. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket çərçivəsində sentyabrın 1-dən əməkhaqlarının artması 1 milyon 350 min insanı əhatə edir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək. Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir. Belə bir halda nəzərə amaq lazımdır ki, heç bir halda həm müavinət, həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz.
Nurlan
Olaylar.az