Dövlət siyasətinin əsas istiqamətlərindən birini əhalinin sosial rifahının daha da yaxşılaşdırılması təşkil edir - Şərh

Dövlət siyasətinin əsas istiqamətlərindən birini əhalinin sosial rifahının daha da yaxşılaşdırılması təşkil edir

Azərbaycanda  həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini əhalinin sosial rifahının daha da yaxşılaşdırılması təşkil edir. Ölkəyə rəhbərlik etdiyi ilk gündən bu sahəni əsas diqqətdə saxlayan dövlət başçısı zaman-zaman imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlərlə bunu bir daha sübut edir. Elə yaxın bir neçə ay ərzində dövlət başçısı tərəfindən qeyd edilən istiqamətdə atılan addımlar belə deməyə əsas verir. Bu günlərdə Cənab Prezident daha bir sosialyönümlü addım ataraq milyonlarla insana sevinc bəxş etdi. Söhbət prezident İlham Əliyevin 18 iyun tarixli fərmanı ilə sentyabrın 1-dən minimum əmək haqqının artırılmasından gedir. Məsələ ilə bağlı fikirlərini ifadə edən millət vəkili Tahir Mirkişili deyib ki,minimum əməkhaqqının səviyyəsinin çox ciddi iqtisadi və sosial funksiyası var. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması cəmiyyətdə davamlı olaraq maddi rifah halının yaxşılaşmasına, əməyə verilən qiymətin artmasına, əmək məhsuldarlığının yüksəlməsinə, işçilərin ixtisaslarına olan tələbin artmasına səbəb olur: "Azərbaycanda 2019-cu ildə minimum əməkhaqqının 130 manatdan 250 manata qədər, yəni təqribən 2 dəfə artması çox ciddi iqtisadi və sosial hədəflərdən xəbər verir. İlk öncə onu deyim ki, minimum əməkhaqqının bu dərəcədə kəskin artımı üçün iqtisadi potensial olmalıdır ki, bu artımı maliyyəşdirmək mümkün olsun. Digər tərəfdən, tənzimləmə mexanizmləri təkmil olmalıdır ki, artım kəskin inflyasiyaya səbəb olmasın. Prezident İlham Əliyev tərəfindən aparılan islahalatlar nəticəsində iqtisadiyyatın şəffaflaşması bu artımı artan büdcə gəlirləri hesabına maliyyəşdirməklə etibarlı maliyyə mənbəyi ilə təmin etdi. Digər tərəfdən, inflyasiyanın 2.5% olması artımın real dəyərinin qorununb saxlanmasının göstəricisidir. 2019-cu ilin 6 ayının iqtisadi yekunları, əhalinin gəlirlərini 6.6% artması bu prosesin davamlı olacağını deməyə əsas verir. Eyni zamanda, minimum əməkhaqqının artması orta aylıq əməkhaqqının da artmasına təsir görtərir ki, bu proses artıq başlayıb. Düşünürəm ki, 2019-cu ilin yekun göztəriciləri əhalinin real gəlirlərinin daha çox artmasını göstərəcək".

Millət vəkili hesab edir ki, bütün bu müsbət addımların atılmasında ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi də rol oynayır: "2019-cu ilin 6 ayının iqtisadi göstəriciləri qeyri-neft sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət göstəricilərinin əldə edildiyini deməyə əsas verir. Həcm cəhətdən qeyri-neft sektorunun ümumi artımının Ümumi Daxili Məhsulun artımını üstələməsi, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının isə rekord 13% artması bu sahələrdə görülən işlərin mühüm nəticələridir. Qeyri-neft ixracımızın da 15% artması bu prosesin kompleks hal aldığı və həm də miqyas effektindən qaynaqlandığı anlamına gəlir. Digər tərəfdən, vergi yığımında qeyri-neft sektorunu payının 70%-ə çatması bu sektorun iqtisadi faəliyyətdə aparıcı rol oynaması deməkdir. Gəlirlərin bölgüsünün əsas güzgüsü olan vergi yığma sistemində qeyri-neft sektorunun aparıcı rolu bu sektorun həm də sosial sahələrin inkişafında artıq həlledici rolundan xəbər verir. Digər tərəfdən, ölkə iqtisadiyyatına investisiyaların da əsas hissəsinin qeyri-neft sektoruna qoyulması, insan kapitalının inkişafı və bu kapitalın da əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu sahənin inkişafına davamlı və sürətli etməkdədir".

Tahir Mirkişili onu da deyib ki, qarşıda duran vəzifələrdən biri də ölkəmizin ixrac potensialının artırılmasıdır: "Azərbaycanın ixrac potensialının artırılması və ixracın reallaşması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bir tərəfdən ixrac potensialının artırılması üçün sənaye istehsalı artırılır, sənaye parkları artıq öz bəhrəsini verir, kənd təsərrüfatı istehsalı artır, emal sənayesi inkişaf etdirilir. Turizm xidmətlərinin inkişafı üçün regionlarda əhəmiyyətli tədbirlər həyata keçirilir. Bütün bu layihələr ixrac potensialını artırır və ixracetmə üçün məhsul yaradır. Digər tərəfdən, yeni ixrac bazarları əldə etmək və ənənəvi bazarları genişləndirmək üçün həm dövlət tərəfindən, həm də sahibkarların özləri tərəfindən müxtəlif səylər və tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsində 2019-cu ilin 6 ayı ərzində qeyri-neft ixracımız 15% artıb. Ancaq ixrac bazarlarının genişləndirilməsi həm də ciddi rəqabətlə üzləşmək deməkdir. Dövlətin əsas dəstək funksiyası sahibkarlar üçün xarici bazarlarda inzibati maneələrin aradan qaldırılmasına nail olmaq və onlar üçün bazara daxil olmanı asanlaşdırmaq və marketinq fəaliyyətinə dəstək verməkdir. Amma xarici bazarlarda rəqabət aparmaq ixraçatçıların əsas funksiyası olmalıdır. Bunun üçün isə daxili istehsalda texnologiyaların və innovasiyaların tətbiqini genişləndirmək, əmək məhsuldarlığını artırmaq və pro aktiv marketinq fəaliyyəti aparmaq lazımdır. Düşünürəm ki, ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı dinamik, texnoloji və innovativ edəcəkdir".

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev isə deyib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il 18 iyun tarixli sərəncamına əsasən minimum əməkhaqqının 250 manat məbləğində müəyyən edilməsi ölkədə sosial sahənin nə dərəcədə prioritet olduğunun bariz ifadəsidir: "Xatırladım ki, dövlət başçısının imzaladığı həmin sərəncam artıq sentyabrın 1-dən qüvvəyə minib. Respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan bu növbəti mühüm addım, eyni zamanda, cənab Prezidentin ölkədə sosial təminata daha çox ehtyacı olanlara sosial qayğısı kimi qiymətləndirilməlidir. 
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Son zamanlar Azərbaycanda həyata keçirilən sosial siyasət həm kefiyyət, həm də ünvanlılıq baxımından yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə dövlət başçısının siyasi iradəsi nəticəsində reallaşan sosial islahatlar vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına baza yaradır. Minimum əmək haqqının artırılması ilə bağlı son addım isə məhz bunu bir daha təsdiq edir". 
QALİB sədri bildirib ki, Azərbaycan Avropa Şurasının üzvü olan bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını qarşıya əsas məqsəd qoyub: "Bu hədəf mərhələli şəkildə reallaşdırılır. Vəzifə  növbəti dövrdə minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin minimumlaşdırılmasından ibarətdir. Təbii ki, bu da orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək və artımlara səbəb olacaq. Bu kontekstdən son qərar isə məhz qarşıya  qoyulan məqsədə daha tez nail olunmasına əsas yaradır.
Onu da qeyd etmək istərdim ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən, müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan olunur.
Prezident İlham Əliyevin "Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik" - vurğulaması bundan sonra da ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31