Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ təsis edilib
Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ təsis edilib
29 Avqust 2019 13:18 İqtisadiyyatAvropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda "Məlcək Üzümçülük İstehsal Kooperativi"nin yaradılması üzrə təsis yığıncağı keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib. Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev, sözügedən sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov da öz növbəsində koopertivləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, "Aqrar Tədarük və Təchizat" ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.
Tədbirdə çıxış edən fermerlər kooperativin yaradılma məqsədi barədə məlumat veriblər. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildiriblər ki, kooperativin yaradılması təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Daha sonra "Məlcək Üzümçülük İstehsal Kooperativi"nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyat keçməklə bağlı qərar qəbul ediblər. Fermer Qurbanəli Babaşov yekdilliklə "Məlcək Üzümçülük İstehsal Kooperativi"nin sədri seçilib. O, çıxış edərək üzümçülüyün inkişafı ilə bağlı öz fikirlərini bölüşüb.