"Dünyadakı ticarət müharibəsi getdikcə daha çox qızışa bilər" -EKSPERT RƏYİ

"Dünyadakı ticarət müharibəsi getdikcə daha çox qızışa bilər" EKSPERT RƏYİ

Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələrinin qarşılıqlı ticarət mübahisələri və münaqişələri artıq, xeyli müddətdir ki, davam edir və bu, ümumən bütün tərəflər üçün ciddi mənfi nəticələr doğurur, doğurmaqda da davam edəcək". Bu fikirləri İqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bunu dünya iqtisadiyyatındakı göstəricilər də sübut edir: "Belə ki, artım templərində əvvəlki dinamika yoxdur və hətta getdikcə zəifləmə müşahidə edilməkdədir. Çin və ABŞ əvvəlcə bir-birilərini idxal və ixrac rüsumları ilə təhdid edir və münaqişə aparmağa çalışırdılarsa, bunun effektsiz olduğunu görüb, artıq, milli valyutalarının dəyərini aşağı salmaq kursu götürüblər. Çünki ticarət zəifləyir, avtomatik olaraq istehsalda durğunluq ortaya çıxmağa başlayır. Nəticədə isə dünya iqtisadiyyatı zəifləyir".

Azərbaycan iqtisadiyyatına gəldikdə, ekspert söyləyib ki, ölkəmiz xammal ixracından asılıdır: "Dövlət gəlirlərimiz neftin dünya bazarlarındakı satış qiymətindən asılıdır. Bu sahədə isə ara-sıra xırda dəyişikliklərə baxmayaraq, sabit vəziyyət hökm sürməkdədir. İqtisadiyyatımızın neft 40 ABŞ dollarına enməyənədək heç bir ticarət münaqişəsindən ciddi təzyiq görmək və yaxud zərbə almaq təhlükəsi yoxdur. Hesab edirəm ki, dünyadakı ticarət müharibəsi getdikcə daha çox qızışa bilər. Amma bu, sonsuz şəkildə dərinə getməyəcək. Əsas, ABŞ iqtisadiyyatıdır, hər hansı ciddi qlobal böhran məhz buradan başlaya bilər. Belə bir təhlükə isə hələ ki, gözləmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31