Azərbaycanda uğurlu sosial dövlət modeli formalaşıb - RƏYLƏR
Azərbaycanda uğurlu sosial dövlət modeli formalaşıb - RƏYLƏR
23 Avqust 2019 12:49 İqtisadiyyatÖlkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasəti davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. əməkhaqlarının ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm bir addımdır.
Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Azərbaycan son 16 ildə sosial-iqtisadi inkişaf baxımından böyük nailiyyətlər qazanıb. Bu dövrdə təkcə milli iqtisadiyyatımızda 3 dəfədən çox artıma nail olunub. Nüfuzlu beynəlxalq reytinq agentlikləri, o cümlədən Dünya Bankı, Davos İqtisadi Forumu öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək dəyərləndiriblər. Onun sözlərinə görə, respublikamızın iqtisadiyyatı dünya üçün çətin keçən illərdə də özünün yüksək dayanıqlılığını qoruyub saxlayır və genişlənməkdə davam edir: "Bu ilin birinci yarısında da milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri neftdən kənar sektorda, o cümlədən də qeyri-neft sənayesində qeydə alınıb. Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını və dayanıqlılığını şərtləndirən mühüm amillərədn biridir. Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzlədiklərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyır. Son 16 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir".
Millət vəkili Sevinc Hüseynova qeyd edib ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir. Prezident İlham Əliyev bu ilin əvvəlindən əhalinin rifahının daha da yüksəldilməsi istiqamətində bir sıra fərman və sərəncamlar imzalayıb. Bu sənədlər ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir. S.Hüseynova bildirib ki, dövlət başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Onun sözlərinə görə, respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır: "Ölkəmizdə 2019-cu ilin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 4 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu".
Nurlan