Bakı pay“taxt”dan salınacaq (ARAŞDIRMA)

ANS PRESS paytaxtın Gəncəyə köçürülə bilmə reallığını araşdırıb

1997-ci ildə Qazaxıstanda paytaxt Almatıdan Astanaya köçürülməklə hələ ki, postsovet ölkələri arasında bir ilkə imza atılmış oldu. Qazaxıstanın paytaxtının köçürülməsi etnosiyasi və sosial-iqtisadi baxımdan çox əhəmiyyətli idi. Paytaxtın Almatıdan Akmoluya (Astana) daşınması ilə Qazaxıstanın sənaye cəhətdən inkişaf etmiş şimalı və aqrar cənubu arasında yaranmış disbalans tədricən aradan qaldırıldı. Paytaxtın köçürülməsinin qızğın tərafdarı olan ölkə prezidenti Nursultan Nazarbayev sərəncam imzalamaqla ölkə üçün daha bir strateji problemi də həll etmiş oldu. Qazaxıstanda işsiz əhalinin paytaxta axınının qarşısı alındı. Bundan başqa ölkənin regionlarında yerli əhaliyə nisbətən üstünlük təşkil edən rus mənşəli əhalinin sayı da tədricən azalmağa başladı.Əslində Qazaxıstanın timsalında uğurlu sayılacaq bu addımı Azərbaycanda da atmaq olar. Yerli ekspertlər ölkəmizdə də paytaxtın köçürülməsinin vacibliyini artıq bir neçə ildir ki, bildirirlər. Paytaxtda son illərdə müşahidə edilən dəhşətli tıxaclar, şəhər həyatının iflic olması köçürülməni aktual edir. Bakı artıq əhali yükünü çəkə bilmir. Rəsmi rəqəmlərə görə, paytaxtda 2 milyondan bir qədər çox (qeyri-rəsmi Bakıda 3,5 milyondan çox insanın yaşadığı bildirilir-A.Ə.) əhali yaşayır. Bundan başqa paytaxtın Bakıdan köçürülməsilə regionlardan iş tapmaq ümidilə Bakıya üz tutan axının qarşısını müəyyən qədər alaraq bölgələrin inkişafına daha da təkan verilə bilər. Beynəlxalq standartlara görə də paytaxt ölkənin mərkəzində yerləşməlidir.Bakı nüfuzlu Mercier araşdırma şirkətinin 39 müxtəlif parametr üzrə müəyyənləşdirdiyi həyat keyfiyyətinə görə, dünyanın 221 şəhəri arasında 195-ci sırada yer alıb. Paytaxtımız qonşu Gürcüstanın paytaxtı Tiflisi həyat keyfiyyətinə görə üstələsə də, postsovet məkanının Sankt-Peterburq (165), Moskva (163), Kiyev (161), Vilnüs (79), Tallin (89) və Riqa (91) kimi şəhərlərindən xeyli geri qalır. Azərbaycan üçün Bakının həyata keçirdiyi funksiya bizi qabaqlayan ölkələrdə adətən bir neçə, bəzən də beş-altı şəhər arasında paylanır. Bakı Azərbaycanın maliyyə, administrativ, əyləncə mərkəzi, ali təhsil ocaqları, hökumət və parlamentin yerləşdiyi şəhərdir. Bu mərkəzlərdən bir neçəsinin paytaxtdan alınaraq başqa şəhərdə yerləşdirilməsi paytaxtın yükünü əməlli-başlı azaltmış olacaq.İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov da bəzi inzibati qurumların paytaxtdan kənara köçürülməsinin vacib olduğunu hesab edir: "Beynəlxalq təcrübədə dövlət qurumları regionlar üzrə paylaşdırılır. Bu həm paytaxtın sosial həyatında, həm kirayə bazarında və digər sektorlarda gərginliyin müəyyən qədər azalması deməkdir. Ali təhsil müəssisələrinin də paytaxtda təmərküzləşməsi də arzuolunan deyil. Beynəlxalq praktika onu göstərir ki, aparıcı universitetlərin paytaxtda yerləşməsi qəbulolunan deyil".İqtisadçı-ekspert Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi qurumların regionlarda yerləşdirilməsinin onların öz işinə müsbət təsir edəcəyini hesab edir.Coğrafi cəhətdən Azərbaycanın yeni paytaxtının mərkəzi aran zonasındakı şəhərlərdən birinə köçürülməsi məsələsini gündəmə gətirir. Ancaq ölkənin ikinci böyük şəhəri olan Gəncənin paytaxt olmaq şansı daha inandırıcı görünür. Belə ki, Gəncə uzun müddət Azərbaycanın sənaye mərkəzi olub. Üstəlik bu şəhərdə ölkədə Bakıdan sonra ikinci beynəlxalq hava limanı yerləşir. Həm də Gəncə 1918-ci yeni yaradılan Xalq Cümhuriyyətinin də müvəqqəti paytaxtı olub. Bu baxımdan Gəncənin müəyyən təcrübəsi var.Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev isə Azərbaycanda həm iqtisadi, həm siyasi paytaxtın olmasını mümkün hesab edir. İqtisadçı-ekspert ANS PRESS-ə açıqlamasında beynəlxalq praktikada belə nümunələri misal gətirir. "Ərəb ölkəsi olan Yəməndə belə bir təcrübə mövcuddur. Bu ölkənin müstəqillik tarixi ərzində paytaxt gah Taizə, gah da Sənaya köçürülüb. Hazırda paytaxt ölkənin mərkəzində yerləşən Sənadır. ABŞ-da da ölkənin siyasi mərkəzi Vaşinqton olsa da, iqtisadi paytaxt Nyu-York sayılır. Ancaq paytaxtın köçürülməsi böyük maliyyə vəsaiti tələb edən bir prosesdir. Bu işə başlamazdan əvvəl yaxşı düşünüb-daşınıb, götür-qoy etmək lazımdır", - deyə Oqtay Haqverdiyev bildirir.Oqtay Haqverdiyev regionların inkişaf etdirilməsi baxımından paytaxtın köçürülməsini doğru addım hesab etmir. İqtisadçı-ekspert bölgələrin müstəqil şəkildə xüsusi proqramla inkişafının vacib olduğunu hesab edir.Qardaş ölkə olan Türkiyədə vaxtilə buna bənzər durumla qarşılaşaraq problemdən çıxış yolu tapmışdı. 1923-cü ildə Mustafa Kamal Atatürk Türkiyənin paytaxtını Ankara olaraq elan etmişdi. İstanbul isə indiyədək Türkiyənin ən iri sənaye şəhəri statusunu əlində saxlayıb. Azərbaycanda da paytaxtın köçürülməsi ilə Bakı ən böyük şəhər statusunu itirməyəcək, sadəcə bir qədər nəfəs dərmiş olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31