Kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır -ŞƏRH

Kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır

Eldar İbrahimov: "Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir"

Prezident İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" fərmana əsasən, Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. Səhədə əsasən Nazirlər Kabinetinə yerli qanunların və Prezidentin fərman və sərəncamlarının, digər normativ hüquqi aktların "Aqrar sığorta haqqında" Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Eyni zamanda, bu müddətdə aqrar sığorta predmetinin tərkibi, müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydası, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə olunacaq sənədlərin siyahısı müəyyən edilərək bu barədə Prezidentə məlumat verilməlidir. Fərmana görə, Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması da Nazirlər Kabinetinə tapşırılıb. Fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Nizamnamə kapitalının artırılması məqsədilə 2020-ci ildə büdcə layihəsində 5 milyon manat, 2021-ci ildə isə 3 milyon manat vəsait nəzərdə tutulmalıdır. Aqrar Sığorta Fondunda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən - Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılıb. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq. Yeri gəlmişkən xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyev "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Sənədə görə, Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirir, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edir. Onu da qeyd edək ki, "Aqrar sığorta haqqında" Qanun isə 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Maraqlıdır, belə halda yeni yaradılan xidmətlər kənd təsərrüfatı sahəsinin inkişafına hansı töhfəni verəcək?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki,  Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu ilin altı ayı ərzində bu sahədə 13 faiz artımın baş verməsi bunu təsdiq edir. Xüsusilə bitkiçiliyin 25 faiz artması da təqdirəlayiq haldır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu sahəyə qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. E.İbrahimov bildirib ki, kənd təsərrüfatının geniş potensialından daha səmərəli istifadə etmək məqsədilə aqrar sektorda sistemli islahatlar həyata keçirilir. Kənd təsərrüfatında yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsindən, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən, biznes mühitinin yaxşılaşdırılmasından, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasından, bazar infrastrukturunun təkmilləşdirilməsindən və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını təmin etməkdən ibarətdir. Komitə sədri deyib ki, bu məqsədlər üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviq edilməsi, informasiya-məsləhət xidməti şəbəkəsinin formalaşdırılması, aqrar sığortanın tətbiqi ilə bağlı hüquqi və institusional tədbirlər görülməsi, ixracın çeşidinin artırılması və bazarların diversifikasiyası və s. addımların atılması nəzərdə tutulur. Bütövlükdə, aqrar sektorun maddi-texniki bazasının ardıcıl şəkildə möhkəmləndirilməsinə, yeni yanaşmaların tətbiqinə "yaşıl işıq" yandırılmasına, həmçinin bu sahədə aparılan institusional islahatlara istinadən deyə bilərik ki, respublikamızda məhsuldarlığın artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı sistemi formalaşdırılır: "Şübhə yoxdur ki, həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar perspektivdə milli iqtisadiyyatımızda aqrar sektorun mövqeyinin möhkəmlənməsini təmin edəcək. Aqrar sektorda startı verilən yeni islahatlar kursunun əsas hədəflərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsindən ibarətdir. Qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir. Son 16 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Öz növbəsində bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz müsbət nəticələrini verir. Respublikamızda bir sıra pozisiyalar üzrə daxili ərzaq tələbatının 100 faiz həcmində yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda ölkəmizdə meyvə-tərəvəzə olan daxili tələbat tam həcmdə yerli istehsal hesabına təmin edilir. Hazırda yerli kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı əhəmiyyətli dərəcədə artmaqdadır. Bu da respublikamıza valyuta gətirir ki, iqtisadiyyatımızı daha da gücləndirir". E.İbrahimov  Aqrar Sığorta Fondunun yaradılması barədə Prezidentin Fərmanının da böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənəd aqrar sahənin inkişafında mühüm rol oynayacaq: "Aqrar sığorta haqqında" qanun Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Dövlət başçısının imzaladığı Fərmanda qeyd olunduğu kimi bu qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi  yaradılacaq. Hesab edirəm ki, bu fondun yaradılması çox böyük əhəmiyyət kəsb edir. Belə bir fondun fəaliyyət göstərməsi fermerlərin, bütövlükdə aqrar sahədə çalışan insanların, istehsalçıların maraqlarına tam uyğundur. Buna görə də, onlar aqrar sığortanın imkanlarından faydalanmalıdırlar".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31