İdxaldan asılılığın azaldılması iqtisadi siyasətin prioritetini təşkil edir
İdxaldan asılılığın azaldılması iqtisadi siyasətin prioritetini təşkil edir
16 Avqust 2019 12:47 İqtisadiyyatŞahin Mustafayev: "Hazırda ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir"
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı iqtisadi artım üçün yeni mənbələrin axtarılması, qeyri-neft sektorunun inkişafı, istehlak bazarına daim nəzarət olunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsi, sosial sahənin diqqət mərkəzində saxlanılması, iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi, o cümlədən özəl sektorda daha çox iş yerlərinin yaradılması, Azərbaycanın innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etdirilməsi və s. istiqamətdə tapşırıqlar verib. Maraqlıdır dövlət başçısının tapşırıqlarının icrası hansı səviyyədə həyata keçirilir? İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, hazırda dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur. Paralel olaraq qeyri-neft sənayesi sürətlə inkişaf edir, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunub: "Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bu ilin birinci yarısında da ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, 2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63% artım müşahidə olunub, 131 min ton yük daşınıb. Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Konkret olaraq bu ilin 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub". Nazir əlavə edib ki, bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib: "2019-cu ilin birinci yarısında sahibkarlara 1130 lisenziya verilib ki, bunun da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 iyul 2019-cu il tarixinədək sahibkarlara 7900-dan çox lisenziya verilib. Ötən ilin martında yaradılan "Lisenziyalar və icazələr" portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib. Həmçinin, bu ilin birinci yarısında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58%-i sənaye, 34%-i kənd təsərrüfatı, 8%-i isə turizm sahələrini əhatə edir".
Ş.Mustafayev bildirib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarımilliyində sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2019-cu ilin 6 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür.
Onun bildirdiyinə görə, kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. KOB-lara dəstək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, bu dövrdə 5 KOB dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 15-ə çatdırılıb. Sahibkarlara bütün dövlət-biznes ("G2B") və zəruri biznes-biznes ("B2B") xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir. KOBİA-nın təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi üçün Bakıda və ölkə regionlarında təlim, seminar və treninqlər keçirilir. Bu ilin birinci yarısında vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərini tanıtmasına və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə Bakıda və ölkə regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro və kiçik sahibkarların iştirakı təmin edilib.
İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir: "İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi çərçivəsində bu ilin ilk 6 ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. 2019-cu ilin birinci yarısında dövlət dəstəyi hesabına xarici ölkələrə 6 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Kollegiya iclasında vurğulanıb ki, ixracla məşğul olan sahibkarlara dəstək tədbirləri davam etdiriləcək. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə müəyyən edilmiş dövlət orqanlarında daxili idarəetmə proseslərinin elektronlaşdırılması barədə tapşırıqlara uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin elektron qaydada göstərilməsi və mövcud dövlət xidmətlərinin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın və operativliyin daim diqqətdə saxlanılması təmin edilir. Nazirlik tərəfindən vətəndaşlara 66 elektron xidmət göstərilir və bunların böyük əksəriyyəti artıq "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin "E-hökumət" portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür".
Nurlan