İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti 2019-cu ilin birinci yarımilliyində ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edib, görülmüş işləri müsbət qiymətləndirib. Bildirilib ki, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4%, qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, ticarət dövriyyəsi 20%-dən çox, qeyri-neft ixracı 15%, kənd təsərrüfatı məhsullarının istehsalı 13% artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib.  Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən olduğunu vurğulayan Kollegiyanın sədri Şahin Mustafayev 2019-cu ilin əvvəlində böyük sosial paketin təsdiqləndiyini və bunun 4,2 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb.

Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb. Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına orden, medallar və onların vəsiqələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31