Neftin qiyməti siyasi oyunlardan asılıdır -İqtisadçı ekspert
9 Avqust 2019 12:33 İqtisadiyyatBu göstərici 40 dollara düşsə belə, Neft Fondu proqnozlaşdırılan büdcəsini təmin edə biləcək
Beynəlxalq birjalarda neftin qiymətinin ucuzlaşması davam etməkdədir. Dünya bazarında neftin qiymətinin ucuzlaşması ekspertlərin narahatçılığına səbəb olub. Ekspertlər hesab edirlər ki, neftin qiymətinin birdən-birə aşağı düşməsi neft ölkələrinə təsirsiz ötüşməyəcək. Məlumat üçün qeyd edək ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,23 dollar ucuzlaşaraq 58,71 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 53,48 dollar təşkil edib. Qeyd edək ki, təkcə avqust ayında Brent markalı neft 13% ucuzlaşıb. İyulun sonunda isə bu neft markası 65 dollardan baha satılırdı. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan hesablanıb. Belə halda neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına hansı təsirini göstərə bilər? İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, ötən həftənin sonunda Hörmüz boğazında tanker müharibəsi qızışdı, ABŞ uçaqları İran hərbi gəmilərinin üzərindən uçdu, Yəməndə böyük gücə malik Husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi, nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı - bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi. Hətta ABŞ və Avropa birjaları bağlı olduğu üçün ancaq Asiya birjaları buna reaksiya verdi, neft 2 dollar bahalaşdı. Amma şənbə-bazar Donald Tramp devrəyə girdi, Çinə 10% əlavə gömrük rüsumu tədbiq edəcəyi ilə bağlı tvit atdı, sonra da Çin qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsünlər. Bu zaman ABŞ prezidenti açıq şəkildə Çini valyuta manipulyasiyasında suçladı, Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi, ardınca da ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 mln. barelə qədər artdığını açıqladı. Neftin qiymətinə növbəti təsirin ABŞ prezidenti Donald Trampın şənbə-bazar tvitləri olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, ticarət, valyuta müharibələrinin qızışması da neft bazarında panika yaratdı, qiymətlər 7% düşdü, amma bu gün yenidən 2%-dən çox qalxır: "Amerika prezidenti artıq seçki kampaniyasına başlayıb, ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir - amerikalılar xarici siyasətə qarışmırlar. Keçmiş prezident Barak Obama 1 qallon benzini 2 dollara salıb getmişdi, Tramp gələndən qiymət 4 dollara yaxınlaşmışdı, indi isə onun əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır - bunun üçün Şimali Amerika sort neft 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır, əgər 1 ay belə qalsa benzinin qallonu 3 dollardan aşağı düşəcək. Qısası, bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır. Amerika seçkilərinin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq". Bu prosesin Azərbaycan üçün nəticələrinə gəlincə, N. Cəfərli hesab edir ki, ölkəmiz üçün təhlükəli qiymət həddi 55 dollardan aşağıdır: "Yəni, qiymət düşsə və uzun zaman qalsa, bizə qalıcı təsirləri artacaq. Çünki, 2018-19-cu illərdə sabitləşən və cüzi artan iqtisadiyyatın yeganə səbəbi 65 dollardan yuxarı qalxan orta neft qiymətləri idi". İqtisadçı Rövşən Ağayev bildirib ki, büdcədə neftdən daxilolmalar əsasən Dövlət Neft Fondu vasitəsilə formalaşır: "Hazırda neftin qiymətinin ucuzlaşmasının birbaşa təsirləri Dövlət Neft Fondunadır. Məsələ burasındadır ki, ilin I yarısında neftin qiymətlərinin yüksək olması səbəbədindən Fonda daxilolmalar yüksəkdir. 2019-cu il üçün Dövlət Neft Fondunun büdcəsi 15 milyard manat ətrafında proqnozlaşdırılıb. 6 ayın yekunlarına görə, Fonda daxilolmalar 10 milyard manatdır. Neftin qiyməti ilin I rübündəki kimi qalsaydı, Dövlət Nfet Fonduna daxilolmalar təxminən 21 milyard manat təşkil edəcəkdi. Bu isə pronozlaşdırılandan 5-6 milyard manat (25-30 %) çox olacaqdı. Ona görə də neftin qiyməti ilin son 4 ayında hətta 40 dollara düşsə belə, Dövlət Neft Fondunun proqnozlaşdırılan büdcəsini təmin etməyə imkan verəcək". Ekspert qeyd edib ki, neftin qiymətinin ucuzlaşması davam edəcəyi təqdirdə 2020-ci il üçün təhlükə yarana bilər. R.Ağayev eyni zamanda, neftin növbəti illər üçün qiymətinin dəqiq proqnozlaşdırılmasının iqtisadi proseslərdən asılı olmadığını vurğulayıb: "Məsələ burasındadır ki, iqtisadçıların deyə biləcəyi fikirlər çox azdır. Son illər, xüsusilə 2014-2015-ci illərdə neftin qiymətinin kəskin ucuzlaşması, 2016-cı ildə yenidən bahalaşmasında iqtisadi faktorlar əhəmiyyətli dərəcədə azalmağa başladı. Neftin qiymətinin formalaşmasında geopolitik faktorlar üstünlük təşkil edir. Bu fonda isə Amerika-İran münasibətləri, Venesuela ətrafında gedən proseslər, OPEK-in Rusiya ilə birləşərək "OPEK+"da istehsalın azaldılması ilə bağlı bazara qeyri-iqtisadi, adminstrativ müdaxilə qərarları mühüm rol oynamaqdadır. İqtisadi faktor isə ABŞ-ın neft hasilatını artırmasıdır. Son 6 ildə ABŞ-ın neft hasilatı iki dəfə artaraq, gündəlik 6 mln barreldən 12-13 mln barrelə çatıb. Üstəgəl, 2020-ci ildə ABŞ-da şist yataqlarından çıxan nefti regiona yaymaq üçün gündəlik ötürücülük gücü 2 mln barrel olan kəmərin istifadəyə verilməsi gözlənilir".
Zəka