İqtisadiyyatda müsbət makroiqtisadi göstəricilər bundan sonra da yüksələn xətlə inkişaf edəcək -RƏY
İqtisadiyyatda müsbət makroiqtisadi göstəricilər bundan sonra da yüksələn xətlə inkişaf edəcək
29 İyul 2019 14:53 İqtisadiyyatAzərbaycan sürətli inkişaf yolunu davam etdirir. Cari ilin birinci yarısında əldə etdiyimiz uğurlara diqqət çəkdikdə belə bir aydın mənzərə ortada olur ki, ölkəmiz bütün istiqamətlərdə inkişaf edir, yeni-yeni uğurlar qazanır. Xüsusilə, bu aspektdə qeyri-neft sektorumuzun ciddi şəkildə inkişaf etməsi özünü açıq şəkildə göstərir. Ekspertlər hesab edirlər ki, qeyri-neft sektorunun əsaslı dərəcədə inkişaf etməsi bu sahəyə yönəldilən diqqət və həyata keçirilən düzgün siyasətlə bağlıdır. Millət vəkili Azər Badamov da deyir ki, ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Onun sözlərinə görə, Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir: "Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyev imzaladığı Fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Bütün bunlar ölkəmizin inkişafı prosesində yüksək nəticələr verməkdədir". Millət vəkili onu da bildirib ki, qazanılan uğurlara ölkəmizdə həyata keçirilən uğurlu islahatlar sayəsində nail olunub: "Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və nümayiş etdirdiyi siyasi iradə nəticəsində artıq ölkəmizdə güclü iqtisadiyyat formalaşıb. Son illərdə isə aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar və sair buna əyani sübutdur. Bu mənada iqtisadi göstəricilərin ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözləniləndir. Yeri gəlmişkən qeyd edim ki, aparılan islahatların müsbət nəticələri dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Fikrimi faktlarla əsaslandırmaq istərdim. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Bununla da MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Digər tərəfdən, "Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı"nda Avropa İttifaqı şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki "Azərbaycan investisiya məkanı kimi" sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i "Azərbaycana yenidən investisiya qoyardınızmı" sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək dəyərləndiriblər". Azər Badamov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişafını uğurla davam etdirir: "Dövlətimizin iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, ölkə başçısının Fərman və sərəncamlarının icrası Azərbaycanda gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır". Millət vəkili onu da diqqətə çatdırıb ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 5 milyard 319 milyon 766 min ABŞ dolları dəyərində məhsul ixrac olunub: "Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur. Altı ayda Avropa İttifaqı ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub. İqtisadiyyatda müsbət makroiqtisadi göstəricilər bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Şübhəsiz, daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanlarımız növbəti illərdə yeni hədəflərə çatmaqda xüsusi rol oynayacaq. Çünki bu islahatlar yalnız bu günə deyil, həm də sabaha hesablanıb. Onu da xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurları dəyərləndirərkən bu nailiyyətlərlə kifayətlənməməyi və dayanıqlı inkişafı təmin etmək üçün daha fəal işlər görülməsinin vacibliyini söyləyib. Bu mənada, bundan sonra da ölkəmizin inkişafı, daha da güclənməsi naminə sistemli tədbirlər həyata keçiriləcək".
Süleyman