Hökumət parlamentdə hesabat verdi

Artur Rəsizadə: “İqtisadiyyatın şaxələndirilməsi 2012-ci ilin xarakterik əlaməti olub”

Martın 15-də keçirilən Milli Məclisin payız sessiyasının beşinci toplantısında Azərbaycan hökumətinin 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı dinlənilib.

Əvvəlcə, Spiker Oqtay Əsədov bildirib ki, ölkədə iqtisadiyyatında inkişaf gedir, ümumidaxili məhsul, qeyri-neft sektorunda irəliləyişlər var: "Adambaşına düşən illik gəlir 7,7 min dollara çatıb. Beynəlxalq reytinqlərdə Azərbaycan ön sıralardadır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan resursundan səmərəli istifadəyə xüsusi diqqət edilir. Ölkə regional və beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkə iqtisadiyyatına 21, 3 milyard investisiya yatırılıb. Eləcə də əhalinin gəlirləri məsələsi hökumətin diqqət mərkəzində olub, yoxsulluq 1,6 faiz azalaraq 6 faizə enib". Sonra baş nazir Artur Rəsizadə hesabatı təqdim edib. Baş nazir bildirib ki, hesabat dövründə ölkə iqtisadiyyatına 132 milyard vəsait qoyulub, 1 milyon yeni iş yeri açılıb. Hesabat ilində ümumdaxili məhsul istehsalı 2% artıb. Qeyri-neft sektorunda artım 9 faiz olub. İllik infliyasiya 1,1 % səviyyəsində saxlanılıb. İcmal büdcəsinin gəlirləri 21,1 miyard olduğu halda dövlər büdcəsinin gəlirləri artıqlaması ilə yerinə yetirilib. Hökumət ötən il SSRİ zamanı qalan borcların ödənilməsinə başlayıb və bunun üçün 500 milyon manat xərclənib. Bu proses hazırda da aparılır və cari ildə başa çatdırılacaq. A. Rəsizadə deyib ki, aparılan ardıcıl iqtisadi siyasət sosial sahəyə müsbət təsir edib, bu ildə əmək pensiyası 152 manata çatdırılıb: "Məcburi köçkünlərin durumuna xüsusi diqqət edilib. 23 min məcburi köçkün yeni mənzillə təmin olunub və bu sahəyə 600 milyon manat sərf olunub". Hökumətin başçısı əlavə edib ki, qeyri-neft sektorunda artım yeni müəssisələrin yaranmasına, əvvəlki müəssisələrin isə genişləndirilməsinə səbəb olub: "Biznes sahəsində normal şərait yaradılıb. Ötən il sahibkarlara 212 milyon manat güzəştli kredit verilib. Bu proses davamlı şəkildə həyata keçirilib". Enerji təhlükəsizliyinin təmin edilməsi nə xüsusi diqqət yetirən baş nazir deyib ki, 2012-ci ildə bir sıra zəruri layihələr icra edilib: "Prezidentin siyasi iradəsi əsasında TANAP layihəsi qəbul edilib. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq". Onun sözlərinə görə, hökumət ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə də ciddi diqqət yetirib: "Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün güzəştli kreditlər verilib. Bu sahəyə dövlət dəstəyi həyata keçirilib. Ərzaq məhsulları təminatında idxaldan asılılığı aradan qaldırmaq məqsədilə yeni quşçuluq emal müəssisələri yaradılıb, taxılçılıq inkişaf etdirilib, soyuducu anbarlar tikilib. Həmçinin dövlət büdcəsindən və neft fondundan ayrılan vəsaitlər hesabına su və meliorosiya təchizatı yaxşılaşdırılıb. Nəqliyyat və informasiya texnologiyaları sahəsində ciddi addımlar atılıb. Yeni metro stansiyaları, hava və dəniz limanlarının tikintisi davam etdirilib, eləcə də ASAN Xidmət yaradılıb. 2012-ci ildə də ətraf mühitin mühafizəsi ilə bağlı işlər həyata keçirilib. Bakı buxtasının ekoloji baxımdan təmizlənməsi, xüsusi mühafizə olunan ərazilərin qorunması həyata keçirilib, meşə və parklar salınıb. Əhalinin təmiz su ilə təminatı, kanalizasiyası layihələrinin çəkilməsi il boyunca davam etdirilib". Baş nazir əlavə edib ki, səhiyyə müəssisələrinin yenidən qurulması, yeni texnologiyalarla təminatı həyata keçirilib. 500-ə yaxın müəssisə yenidən qurulub, inşa edilib və ya əsaslı təmir edilib. Bütün bu tədbirlərin nəticəsində ölkədə orta ömür artıb, körpə və ana ölümləri azalıb. Hökumətin hesabatında ötən il Balakən, Qax və Zaqatala rayonlarında baş verən zəlzələyə də diqqət verilib. Artur Rəsizadə söyləyib ki, zəlzələ ciddi ziyanla nəticələnib: "Bu sahəyə hökumət xüsusi diqqət ayırıb. Qısa müddətdə dəyən ziyanın aradan qaldırılması üçün addımlar atılıb. Eləcə də zəlzələ nəticəsində evləri ciddi ziyan çəkən vətəndaşlar üçün 2794 ev tikilib, çoxlu sayda ailəyə yardım olunub. Bu proses hazırda davam etdirilir. Ölkənin hərbi qüdrətinin artırılması, müasir silahla təchizatına ciddi diqqət yetirilib. Həm daxildən, həm də  xaricdən alınan silahlar hesabına ordunun qüdrəti artırılıb". BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, sənaye müəssisələri regionda yaransın, sahibkarlar rayonlara axın etsin: "Naxçıvanda avtomobillər istehsal edilir. Özü də, çox normal və keyfiyyətli avtomobillərdir. Fikrimcə, bu avtomobilləri dövlət idarələri ala bilər və orta məmur təbəqəsi ondan istifadə edə bilər. Naxçıvanı avtomobil və digər markalı texnikaların istehsal mərkəzi etmək olar". Deputat Musa Qasımlı isə deyib ki, son dövrlər bəzi məmurlar regionlara səfər edirlər, insanlarla görüşürlər: "Bu yaxşı ənənədir. Mən təklif edirəm ki, nazirlər bayram öncəsi bazarlara getsinlər, əhali ilə görüşsünlər". Deputat İqbal Ağazadə xatırladıb ki, ötən həftə çıxışında hökumətin hesabatı zamanı güc nazirliklərinin, habelə xarici işlər nazirinin iştirakının təmin olunmasını xahiş edib: "Azərbaycan Konstitusiyasına əsasən hökumət hesabat verirsə, bütün kabinet burada olmalıdır. Mən bu illər ərzində güc nazirlərinin, xarici işlər nazirlərinin hesabatlarını görmürəm. Bu gün burada iqtidaryönlü deputatlar çıxışından sonra müxalifəti tənqid edir və s. Niyə korrupsiyadan danışılmır? 2001-ci ildən bu günə qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici işlər naziri hansı işlər görüb, niyə bu haqda hesabat verilmir?. Və ya insan hüquqları ilə bağlı məsələlər niyə hökumətin hesabatında öz əksini tapmır. Hökumət bunlara cavab verməlidir. Ordu məsələləri ilə bağlı hökumətə suallar var". Siyavuş Novruzov isə qeyd edib ki, bəzən deputatlar büdcə ilə hesabatı səhv salır: "Bizim regionlarımız və şəhərlərimiz abaddır və bu proses davam edir. Sərbəst toplaşmaq azadlığı əlaqədar fikirlər söylənilir. Bu gün hər bir vətəndaşın hansı dinə qulluq etməsindən asılı olmayaraq Azərbaycan vətəndaşıdır. Əgər sənin dəstəyin, elektoratın varsa lap get Ərdəbildə mitinq keçir. Elektorat yoxdur və bu səbəbdən də gedib Fəvvarələr Meydanında aksiya keçirirlər, Azadlıq meydanını istəyirlər". Deputat Mübarizə Qurbanlı ölkədə aparılan inkişafdan danışıb: "Azərbaycan hökuməti sosial iqtisadi və sosial sahədə ciddi irəliləyişlər əldə edir. Hökumətimiz hər bir ailənin rifahının yaxşılaşdırılması üçün addımlar atıb. Bizə təqdim olunan hesabat deməyə əsas verir ki, Azərbaycan ailəsinin rifahı irəliyə gedib. Bir neçə ildir ki, dünya iqtisadiyyatında ciddi böhran yaranır. Amma prezidentin müəyyən etdiyi iqtisadi taktikanı hökumət uğurla həyata keçirdiyi üçün Azərbaycan belə böhrandan kənarda qaldı".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31