Dövlət ehtiyacları üçün torpaqlar alınarkən kompensasiya necə müəyyən edilməlidir?
Dövlət ehtiyacları üçün torpaqlar alınarkən kompensasiya necə müəyyən edilməlidir?
15 İyul 2019 16:42 İqtisadiyyatSon illər torpaqların dövlət ehtiyacları üçün alınması zamanı yaranan mübahisələrlə bağlı məhkəmələrdə baxılan işlərin sayı artıb. Ekspertlər hesab edirlər ki, bu sahədə işlərin çoxalmasına səbəb əhalinin sözügedən məsələ ilə bağlı hüquqi biliyinin kifayət qədər olmamasııdır. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna əsasən ətəndaşın mülkiyyətində olan torpaq dövlət tərəfindən yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə geri alına bilər. Eyni zamanda, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması zamanı dövlət torpağı geri tələb edə bilər.
Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay mülkiyyətçi ilə razılaşma əsasında, razılıq olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu qanuna uyğun olaraq alına bilər: "Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etməlidir". Dövlət ehtiyacları üçün alına bilən torpaqlar xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqlardır. Odur ki, torpağı alan orqan vətəndaş, yaxud bələdiyyə üçün aşağıdakıları etməyə borcludur. Belə ki, həmin orqan köçürülmə ilə bağlı mülkiyyətçilərə seçim imkanları və hüquqları haqqında məlumat, real və mümkün olan köçürülmə alternativləri ilə bağlı məsləhət verməli, seçimi təklif və təmin etməli, köçürülməyə yardım göstərməli, torpaqlarının alınmasının birbaşa nəticəsi olan itkilərlə tam bərpa qiyməti məbləğində kompensasiya ödəməlidir. Mülkiyyətçidən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi isə yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.
Dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu müddəa nəinki torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və s.) dövlət ehtiyacları üçün alınması hallarına da şamil olunur. Kompensasiyanın qiymətləndirilməsində bir sıra amillər nəzərə alınmalıdır: "İddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. Ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətini və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınmalıdır.
Qanunda yaşayış sahəsindən çıxarılanlara çətinliklərə görə 5 - 10 faizə qədər kompensasiya verilməsi nəzərdə tutulur. Bir şərtlə ki, həmin şəxslər orada azı 5 il yaşasınlar. Bu müddətdən az yaşayanlar həmin kompenssasiyanı ala bilməzlər. Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq alınan torpaq sahəsini azad etməlidir. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.
Alim