Azərbaycan nümayəndə heyəti Gürcüstanda regional tədbirə qatılıb

Azərbaycan nümayəndə heyəti Gürcüstanda regional tədbirə qatılıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Ofisinin maliyyə dəstəyi və təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində "Avropa və Asiyada Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərə dair Regional Dialoq" mövzusunda regional tədbir keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən Aqrar Elm və İnnovasiya Mərkəzinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yaqub Quliyev, FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin əməkdaşı Natəvan Aslanova və "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsin bölmə rəhbəri Pərviz Əliyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan Gürcüstanın Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı nazirinin müavini Khatia Tsilosani kənd təsərrüfatında ənənəvi metodların, əkinçilik mədəniyyətinin əhəmiyyətinə, ərzaq və kənd təsərrüfatı üçün biomüxtəlifliyin, genetik resursların qorunmasında ənənəvi sistemlərin roluna toxunub. Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşı Yaqub Quliyev Azərbaycanda potensial GİAHS yerləri ilə bağlı təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanda qlobal əhəmiyyətə malik ənənəvi irsi sistemlərin müəyyən edilməsi istiqamətində atılan ilk addımlar, FAO-nun 2014-cü ildə Türkiyədə və Azərbaycanda həyata keçirdiyi Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərinin müəyyən edilməsi, Qiymətləndirilməsi və İdarə edilməsi layihəsi çərçivəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31