Millət vəkilləri sahibkarlıq sahəsində yoxlamaların azaldılmasını tələb edirlər

Yeni qanun əsassız yoxlamaların qarşısını ala biləcəkmi?

Milli Məclisin iqtidadi siyasət və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi bildirib ki, Azərbaycanda sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmasının qarşısının alınması məqsədilə  yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir. Qanun layihəsinə əsasən, yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır. Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər. Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır. Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üşün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsulliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

Millət vəkili Vahid Əhmədov bildirib ki, sahibkarlıq fəaliyyətinin inkişafına xidmət edən istənilən qanunvericilik aktının hazırlanması və müzakirələrə çıxarılması vacibdir. Ancaq şəxsən mən bu gün birgə komitələrin iclasına çıxarılan qanun layihəsinin məqsədini başa düşmədim. Millət vəkilinin sözlərinə görə, ölkə prezidenti dəfələrlə, o cümlədən, son çıxışında sahibkarlıq fəaliyyətinin inkişafı üçün həmin sahəyə olan müdaxilələrin, yoxlamaları kəskin şəkildə azaldılması ilə bağlı tələblərini, tapşırıqlarını ortaya qoyub: "Ancaq mən bu gün müzakirəyə çıxarılan qanun layihəsində sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mexanizmlərini görmürəm. Əksinə, burada daha çox müdaxilələrə, qanunsuz yoxlamalara rəvac verə biləcək məqamları görürəm.

Bəyənmədiyimiz sovet dövründə ildə cəmi bir dəfə kompleks yoxlamalar aparılardı və həmin yoxlamaların nəticəsində tərtib olunmuş akt ortaya qoyular, digərlərinə də göstərilərdi. Bu qanundan isə belə çıxır ki, sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparan qurumların sayı xeyli dərəcədə çox olacaq. Ona görə mən belə bir qanun layihəsinin bəri başdan parlamentin plenar iclasına çıxarılmasının əleyhinəyəm. Onun üzərində çox ciddi iş aparılmalıdır. Belə bir qanunla biz sahibkarlıq fəaliyyətinə müdaxilələri, əsassız yoxlamaları daha da gücləndirə bilərik, nəinki azaltmış olarıq". Millət vəkili Fəzail Ağamalı da sahibkarlıq fəaliyyətinin yoxlanması ilə bağlı qurumların sayının çoxluğundan şikayətlənib: "Bildiyimizə görə, sahibkarlıq fəaliyyətinin yoxlanması ilə cəmi bir qurum - Vergilər Nazirliyi məşğul olur. Ancaq qanun layihəsində qeyd olunur ki, yoxlayıcı qurumlar... Bu qurumlar nə deməkdir? Hesab edirəm ki, sahibkarlıq fəaliyyətinin yoxlanması ilə bağlı qurumların sayı artırılmamalı, əksinə, azaldılmalıdır". Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinin hazırlanması ilə məşğul olan İqtisadi İnkişaf Nazirliyi bu sənədin hansı zərurətdən ortaya çıxması ilə bağlı araşdırmalarını, analizlərini deputatlara təqdim etməlidir: "Biz bilməliyik ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamaların vəziyyəti nə yerdədir. Millət vəkillərini daha çox bu məsələ maraqlandırır". Deputat Rafael Cəbrayılov bildirib ki, sahibkarlıq sahəsində əsassız yoxlamaların qarşısı alınmalı, şəffaflıq təmin olunmalıdır: "Azərbaycanda 17-18 yoxlama orqanı var ki, qanun onların koordinasiyasını nəzərə almayıb. Eyni zamanda, 7-8 nazirlik var ki, özü yoxlama aparır, istintaq əməliyyat tədbirləri həyata keçirir və yekun qərar qəbul edir. Bu qərarların heç biri hüquq-mühafizə orqanlarına gedib çıxmır. Belə halda bu qanunla sahibkarların hüquqlarını müdafiə etmək mümkün olmayacaq". Bütün iradlara baxmayaraq qanun layihəsi parlamentin plenar iclasında müzakirə üçün tövsiyə olundu.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31