Əmanətlərin qorunan faizləri niyə azaldılıb? -İqtisadçı ekspert
Əmanətlərin qorunan faizləri niyə azaldılıb?
3 İyul 2019 13:30 İqtisadiyyatVüqar Bayramov: "Vətəndaşların öz vəsaitlərini qorunan depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur"
Artıq bir neçə gündür ki, Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib. Bu o deməkdir ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb. Bundan sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq. Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Fondun son qərarindan sonra bir sıra vacib məqamların bölüşdürülməsinə ehtiyac var: "Əvvəlla, əmanət faizləri azalsa da hələ də kredit faizləri yüksək olaraq qalır. Mərkəzin Bankın məlumatına görə, kredit qoyuluşlar 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizi təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Odur ki, əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var. İkincisi, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur. Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar.Üçüncüsü, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq əvvəlki dövrdə 10 faizədən çox 15 faizdən az olan milli valyutada olan əmanətlər müavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq həmin əmanət qorunmuş hesab olunur. Dördüncüsü, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. Belə ki, müddət bitəndən sonra müqavilə əvvəlki şətlərlər uzanırsa o zaman o əmanət qorunmayan əmanətə çevrilir. Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar xüsusən də "Dəmirbank" müflis olan zaman müqavilə müddəti avtomatik uzadildılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var. Beşincisi, qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir. Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur".
Yeri gəlmişkən xatırladaq ki, qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə "Əmanətlərin sığortalanması haqqında" Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur. 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi çərçivəsində olmaqla 4 (dörd) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. 1 iyul 2019-cu il tarixindən etibarən isə milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edirdi və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. V.Bayramov onu da qeyd edib ki, minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur. Onun sözlərinə görə, sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var: " Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslər minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əmək haqq artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq".
Nurlan