“AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirilib

“AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 2-də "AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq" mövzusunda İctimai Təqdimat keçirib. Tədbirdə kənd təsərrüfatı, neft sənayesi, nəqliyyatın intellektual idarə edilməsi, o cümlədən geodeziya və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının, şirkətlərin nümayəndələri iştirak ediblər. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru Fərid Cəfərov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 14 sentyabr tarixli Fərmanına əsasən AZPOS sisteminin məlumatlarından istifadə edilir. Hazırda Azərbaycanda ən müasir texnologiyalar əsasında fasiləsiz fəaliyyət göstərən 37 stansiya mövcuddur. AzPOS xidmətlərinin 300-ə yaxın istifadəçisi var. Azərbaycan Respublikasının ərazisində real vaxtda üfüqi səviyyədə ± 2 sm və şaquli səviyyədə ± 4 sm dəqiqliklə mövqeyi göstərməyə imkan verən sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və ya dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Həmçinin faydalı qazıntıların çıxarılması zamanı dağ-mədən sənayesinin daimi müşahidələrində, xətti obyektlərin, bəndlərin və su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə edilir. AZPOS Azərbaycan Respublikası ərazisində kadastr-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan Respublikası ilə Dünya Bankının birgə həyata keçirdiyi "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində quraşdırılıb. AZPOS şəbəkəsi məlumatları real vaxt rejimində Differensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsi ilə emal etdikdən sonra elektron formada ötürür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31