“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər”

“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər”

Zəngin yeraltı və yerüstü sərvətləri, karbohidrogen ehtiyatları, yanacaq-energetika infrastrukturuna malik Azərbaycan bütün bu  üstünlüklərinə görə, Cənubi Qafqazın lider ölkəsi rolunu oynayır.  Qeyd etdiyimiz sahədə kifayət qədər böyük imkanlara malik olan Azərbaycan bu gün təkcə özünün deyil, eləcə də qonşu ölkələr, hətta Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.  Etiraf edək ki, Azərbaycanın yanacaq-energetika, enerji təıhlükəsizliyi baxımından bu günkü səviyyəyə gəlib çatması o qədər də asan başa gəlməyib.  70 ildən artıq bir müddətdə Sovetlər İttifaqının tərkibində olduğumuzdan bizim yeraltı və yerüstü sərvətlərimiz, təbii ehiyatlarımızdan müştərək şəkildə istifadə edilib. Bütün bu sərvətlər sırf Azərbaycana məxsus olduğu halda, Azərbaycan da həmin sərvətlərdən keçmiş SSRİ-nin ayırdığı bəlli bir kvota həcmində yararlana bilib. Lakin zaman keçdikcə bu istiqamətdə müsbət tendensiyalar da müşahidə edilirdi.  Belə ki, ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-nin zamanında, Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəyyən işlər görürdü. Strateji enerji təhlükəsizliyini təmin etmək, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmək üçün ümummilli lider hələ Sovetlərin zamanında ciddi şəkildə çalışır, lazımı addımlar atırdı. Beləliklə, o dövr üçün nəhng layihə hesab edilən və dəyəri 350 milyon dollardan çox, eləcə də Avropada yeganə olan Bakı Dərin Özüllər Zavodu tikilib istismara verildi. Eyni zamanda Şamxor SES-I,  istismara verildi, Şirvanda (keçmiş Əli Bayramlı) və Mingəçevirdə böyük gücə malik İES-lər yenidən quruldu. Bütün bu işləri həyata  keçirməklə ümumilli lider sanki Azərbaycanın bu gününü görürdü. O,  bilirdi ki, vaxt gələcək bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcəkdir. Bir sözlə Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti, onun təmin edilməsi istiqamətində işlər ümummilli lider Heydər Əliyev tərəfindən 1970-ci illərin əvvəllərindən həyata keçirilməyə başlanmışdı. 

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ilk işlərindən biri vaxtilə bünövrəsini qoyduğu enerji təhlükəsizliyi sistemini düşdüyü ağır vəziyyətdən xilas etmək oldu. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycan bütün sahələrdə olduğu kimi qeyd edilən istiqamətdə də çətin dövrünü yaşayırdı. Hətta ölkəmiz daxili səviyyədə belə özünün enerji təhlükəsizliyini təmin edə bilmir, qonşu İran və Rusiyadan elektrik energisi almağa məcbur qalırdı. Lakin Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində də dönüş baş verdi. Heydər Əliyevin gərgin əməyi nəticəsində 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etmək üçün imkanlar yarandı.

Ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal layihələrə imza atmaqla strateji enerji təhlükəsizliyi sistemi baxımından  bu sahədə lider dövlətlər qrupuna daxil oldu, Cənubi Qafqazda isə birmənalı olaraq lider dövlətə çevrilidi.

Bu uğurlu siyasət ümummilli lider Heydər  Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən günümüzdə  müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.  Azərbaycan xalqının enerji daşıyıcılarına olan tələbatının tam ödənilməsi, yeni elektrik stansiyalarının tikilməsi, bu sistemin genişləndirilməsi istiqamətində ötən 16 il ərzində görülən işlər məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Təsadüfi deyil ki, bu gün qeyd edilən məsələlər dövlət qarşısında duran ən mühüm vəzifələt sırasındadır.

Strateji enerji təhlükəsizliyi sistemi ildən-ilə gücləndikcə Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ölkəmizdə çox böyük həcmli infrastruktur layihələri həyata keçirilir. Cənab Prezident xüsusilə, strateji enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin əsas qollarından biri olan elektrik enerjisi sisteminin maddi və texniki vəziyyətinin daha da inkişafına böyük diqqət göstərir. Məhz bi diqqətin nəticəsidir ki son bir neçə ildə "Azərenerji ASC" tərəfindən respublikanın müxtəlif bölgələrində modul tipli istilik elektrik stansiyaları tikilib. Görülən tədbirlərin nəticəsində bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan tələbatını tam ödəyir, hətta qonşu ölkələrə elektrik enerjisi də satır. Azərbaycan bu gün regionda heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir.  Prezident İlham Əliyevin elektroengetika sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq may ayının 1-dən "Azərenerji" ASC Gürcüstan və Türkyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumuniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb. "Azərenerji" ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

Lakin getdikcə elektrik enerjisinə olan tələbatın artması bu sahədə əlavə tədbirlərin həyata keçirilməsi zərurəti yaradır ki, bu zərurəti də Azərbaycan hakimiyyəti, hökuməti gözəl dəırk edərək əhalinin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Keçən ilin iyul ayında Mingəçevir İES-də baş vermiş qəza bu tədbirlərin daha geniş spektrdə həyata keçirilməsi zərurətini ortya qoydu. Məlum olduğu kimi,  2018-ci il, iyul ayının 3-də Mingəçevir İES-da baş verən qəza paytaxt da daxil olmaqla ölkənin 39 bölgəsində elektrik enerjisi ilə təchizatın dayanmasına səbəb oldu. Ölkənin enerji sistemində yaranmış bu arzuedilməz olay Azərbaycanın enerji təhlükəsizliyini bir daha gündəmə gətirdi. Çünki, bu hadisə ölkənin enerji təhlükəsizliyi kimi strateji sahədə ciddi problemlərin olmasını üzə çıxardı. Həmçinin, o da məlum oldu ki, enerji sistemində nəzədə tutulan tədbirlər ya planlı şəkildə icra olunmayıb, ya da bu sahənin cavabdehləri vəzifədən sui-istifadə ediblər. Məlumat üçün qeyd edək ki,  "Mingəçevir"İES 1955-ci ildə istismara verilib. Bu isə ötən dövr ərzində İES-da infrastrukturun amortizasiya olunmasına səbəb olub. Düzdür, stansiyada 1997-2001-ci illərdə yenidənqurma, 2010-cu ildə isə genişmiqyaslı yenidənqurma işləri aparılıb.  Lakin baş vermiş qəza bir reallığı üzə çıxardı ki, stansiyada yenidənqurma işləri heç də nəzərdə tutulduğu plan əsasında  və keyfiyyətli şəkildə aparılmayıb. Ona görə də ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir.  Ümumilikdə, Mingəçevir İES daxil olmaqla, ölkənin əksər elektrik stansiyalarında həyata keçirilən  bərpa işləri onların fəaliyyətini günümüzün tələblərinə uyğunlaşdırmaqla yanaşı, eyni zamanda itirilmiş enerjinin bərpası, gücün artırılmasına müsbət təsir göstərir.

Belə ki, "Reabilitasiya Proqramı" çərçivəsində Azərenerji "ASC" tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və  nəticəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Ümumilikdə, "Azərbaycan" İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artılaraq 2000 meqavata catacaq, ən əsası isə "Azərbycan" İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

"Azərenerji" ASC Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Sistemtəşkiledici 220 kilovoltluq "Xırdalan", Badamdar qəsəbəsindəki "Müşfiq"  yarımstansiyaları, o cümlədən Bakı və ətraf qəsəbələrdə, həmçinin rayonlarda 17 ədəd 110 kilovoltluq yarımstansiya tam yenidən qurulur. Paralel olaraq  Bakı şəhərinin elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki "Cənub" Elektrik Stansiyasından "Xırdalan" yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib. İndi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki "Cənub" Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq.

"Reabilitasiya Proqramı" çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, "Səngəçal" Elektrik Stansiyasında da "itirilmiş" gücün bərpa edilməsi istiqamətində işləri davam etdirir. Stansiyada mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt "itirilmiş" güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub.  Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt "itirilmiş" güc bərpa edilib. Bununla da "Reabilitasiya Proqramı" çərçivisində "Səngəçal" Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırılıb.

"Cənub" Elektrik Stansiyasında həyata keçirilən tədbirlər nəticəsində isə stansiyanın gücü 520 MVt-dan 720 MVt-ya qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub, Ümumilikdə ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində "Şimal-1" Elektrik Stansiyasının gücü 350 MVt-dan 380 MVT-a qaldırılıb.

Göründüyü kimi ötən ilin iyul ayında elektrik enerji sistemində yaranan böhrandan sonra həyata keçirilən islahatlar  və  "Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı"na uyğun olaraq görülən işlər müsbət nəticəsini verməkdədir. Bu, gündəlik elektrik enerjisinin istehsalında  nəzər çarpan artım dinamikasında da özünü göstərir.

Süleyman İsmayılbəyli

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31