Dördtərəfli işçi qrupun ilk iclası keçirilib
Dördtərəfli işçi qrupun ilk iclası keçirilib
27 İyun 2019 16:21 İqtisadiyyatRumıniyanın Buxarest şəhərində Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya arasında "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə yaradılması planlaşdırılan dördtərəfli işçi qrupun ilk iclası keçirilib. DGK-dan "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, o cümlədən Türkmənistan, Gürcüstan və Rumıniyanın aidiyyəti qurumlarının nümayəndələri iştirak edib. İclasda "Xəzər Dənizi - Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu" layihəsi çərçivəsində regional olaraq dəhlizlərin və infrastrukturun inkişafı, prosedurların, eləcə də tariflərin, visa xidmətlərinin, ödəmə metodlarının sadələşdirilməsi istiqamətində məsələlər müzakirə edilib. Tədbirdə Azərbaycan ekspertlər qrupunun rəhbəri qismində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük sistemində həyata keçirilən son islahatlar barəsində geniş məlumat verib. Bildirilib ki, "Yaşıl Dəhliz" konsepsiyası, "Bir pəncərə" prinsipi, elektron bəyanetmə, qısa idxal bəyannaməsinin təqdimi istiqamətində görülən işlərin "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" layihəsi kontekstində prosedurların sadələşdirilməsi, tranzit rəqabət qabiliyyətliliyinin artırılması və ümumilikdə ticarətin asanlaşdırılmasında mühüm rol oynacaq.
Baş İdarə rəisi Dövlət Gömrük Komitəsinin Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulması barədə də iclas iştirakçılarını məlumatlandırıb.Qeyd edilib ki, bu kimi islahatlar sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaratmaqla yanaşı, malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsində əvəzsiz rol oynayacaq.