Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub

Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub

Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında  2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib. Energetika Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir. Nazir deyib ki, Azərbaycandan  fərqli olaraq  Qazaxıstan,  Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Argentina bir neçə dəfə namizəd kimi  mübarizəyə qatılıblar. Dünya Neft Şurasında uzun illərdir təmsil olunmalarına və aktiv fəaliyyətlərinə baxmayaraq bu ölkələrlə  müqayisədə Azərbaycan ilk dəfədən belə bir səs çoxluğu qazana bildi.

Energetika naziri kifayət qədər güclü namizədlər arasından ölkəmizə belə bir münasibəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi güclənən strateji mövqeyi  ilə izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31