Regional proqramlar bölgələrin inkişafına öz töhvəsini verib

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları bölgələrdə bütün sahələrin inkişafına təkan verib. Hətta ən ucqar dağ rayonlarında belə yeni infrastruktur yaradılıb, emal və istehsal müəssisləri yaradılıb, yeni iş yerləri açılıb. Heç şebhəsiz ki, bu naliyyətlər nəticə etibarilə ölkənin sosial-iqtisadi inkişafına səbəb olub. Regioanl proqramların icrası Daşkəsən rayonunda da uğurla icra olunub.  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin son on altı il ərzində  uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli  inkişaf  və  beynəlxalq  miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir. 2019-cu ilin birinci rübü  də əvvəlki illərdə olduğu kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu  olmuşdur. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin birinci rübündə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə  ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir. İcra başçısı qeyd edib ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2019-cu ilin birinci rübü ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır. Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən   maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Daşkəsən şəhər  N. Nərimanov adına 3 saylı, S. Vurğun adına 4  saylı və Qaraqullar kənd tam  orta məktəblərində cari təmir işlərinə başlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən  şəhərində,  Daşkəsən    qəsəbəsində, Qabaqtəpə   və Dəvrallı kəndlərində Qarabağ  müharibəsi  əlilləri  və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən  qəsəbələrində və Quşçu  kəndində  evləri qəza vəziyyətində  olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisində son tamamlama işləri yerinə yetirilir: "Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, 73 nəfər əlavə işçi qüvvəsi verilmişdir. Lakin  şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır. İndiyə qədər isə Daşkəsən rayonu üzrə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari qaydada sığorta olunması sahəsində 2018-ci il ərzində 109 sığorta müqaviləsi bağlanmışdır. 2019-cu ilin keçən dövrü ərzində isə 207 sığorta müqaviləsi bağlanmış və həmin sahə üzrə işlər davam etdirilir. Rayon ərazisində  daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir". Onun sözlərinə görə, 2019-cu ilin yanvar ayında Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri  şöbəsi ilə razılaşdırılmış və  "DOST İŞ Mərkəzi" MMC tərəfindən  təqdim olunan  130 nəfər işsiz şəxslə  müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar. Eyni qayda üzrə cari ilin aprel ayında əlavə 90 nəfər işsiz şəxsin ödənişli ictimai işlərə cəlb olunması nəzərdə tutulmuş, hazırda onlardan 86-sı ilə müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə götürülmüşdür. Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən I rüb ərzində özünəməşğulluq layihəsinin təlimlərinə 16 nəfər işaxtaran vətəndaş cəlb olunmuşdur.

Ə.Abıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2019-cu ilin birinci rübünün sosial-iqtisadi   inkişafın  yekunlarına   və   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında qeyd etmişdir ki, "Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcək. Bu gün hələ də görə bilmədiyimiz işləri biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha da inamla, uğurla inkişaf etsin"... Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli,  Fərmanı ilə "Azərbaycan  Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 16 tədbir nəzərdə  tutulmuşdur: "Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür. Rayona  investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək,  özəl  investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulmuşdur".

Onun bildirdiyinə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq rayonda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Belə ki, hazırda rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı  fəaliyyət göstərir. Toxumçuluq  təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə  2019-cu  ilin birinci rübü ərzində 84 baş  heyvan süni mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış heyvanlardan 89 baş bala alınmışdır. Gələcəkdə  məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir. "Arıçılıq haqqında" qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir. Rayon ərazisində 5000 arı ailəsi vardır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı  ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 174 nəfər olmaqla 4141 arı ailəsi kodlaşdırılaraq aidiyyəti üzrə sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuş və həmin arı ailələrinə görə arı sahiblərinə 41410 manat subsidiya verilmişdir. Daşkəsən rayonu ərazisində 2019-cu il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 18 mart 2019-cu il tarixli 11 nömrəli sərəncam verilib. Əvvəlki illə müqayisədə bu il Daşkəsən rayonuna məxsus olan lakin qış mövsümü ərzində kənar rayonlarda qışlama keçirən, yaylaq mövsümündə rayona qayıdan yerli sakinlərə məxsus təsərrüfatların rayon ərazisinə buraxılması həmin vətəndaşların yaşadığı inzibati əraziyə uyğun olaraq aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə həvalə olunmuşdur: "Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq lazımi tədbirlər görülməlidir. Rayonun aidiyyəti üzrə qurumları bu sahədə bütün lazımı tədbirləri yerinə yetirməlidirlər".

İcra başçısı qeyd edib ki, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2019-cu ilin fevral ayının 11-dan  mayın  11-nə  kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil   edilmişdir. Həmin tapşırığa əsasən  Daşkəsən  rayon  mərkəzi xəstəxanasında müntəzəm olaraq  əhali qrafik əsasında tibbi müayinədən keçirilir. İndiyədək 49 yaşayış məntəqəsinin əhalisi  və  rayonun  idarə,  müəssisə  və  təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 23834 nəfər tibbi müayinədən keçmiş, 330 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 489 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının  stasionar müalicəsinə cəlb olunmuş, 564 nəfərə isə ambulator müalicə yazılmışdır. 

Onu da qeyd edək ki, 53 bənddən ibarət olan "Yeni Daşkəsən" layihəsi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış və 22 yanvar 2013-cü il tarixdə rayonun mətbu orqanı "Daşkəsən" qəzetində dərc edilmişdir. Bu proqram xarakterli mükəmməl layihə aidiyyəti üzrə nazirliklərə göndərilmiş, müsbət rəylər alınmış, layihənin həyata keçirilməsi üçün hələ 2013-cü ildən müvafiq tapşırıqlar verməklə bu məsələlərin həll olunması işlərinə başlanılmışdır. 2013-cü ildə Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış bu proqramla rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının mövcud vəziyyəti, ayrı-ayrı sektorlarının - heyvandarlığın, arıçılığın, kartofçuluğun,  toxumçuluğun,  həmçinin  turizmin inkişafı,  yeni inzibati  binaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi,  ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara münbit şərait yaradılması, mövcud problemlərin həlli vəzfə kimi qarşıya qoyulub. Hazırda sözügedən məsələlərin həlli istiqamətində ciddi iş aparılır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31