Sosial sahədə inqilabi addımların növbəti mərhələsinə start verildi
Sosial sahədə inqilabi addımların növbəti mərhələsinə start verildi
21 İyun 2019 12:46 İqtisadiyyatPrezident "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisini bir daha təsdiq etdi
Ölkədə həyata keçirilən uğurlu sosial siyasət kursu davam etməkdədir. Azərbaycanın sosial dövlət olduğunu dünyaya sübut edən prezident İlham Əliyev yeni sosial islahatlar paketini ərsəyə gətirib. Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Qətiyyətlə demək olar ki, Azərbaycada əhalinin sosial müdafiəsinin gücləndirilmısi istiqamıtində genişmiqyaslı tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Bəzi ekspertlər maaş artımının inflyasiya riskini artırdığını bildirir. Araşdırmalara görə, maaş artımının inflyasiya riski yaratması təbii iqtisadi qanunauyğunluqdur-dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin yanvar ayından atılan inqilabi addımların, dərin islahatların davamıdır: "Əsas məqsəd sosial layihələrin reallaşdırılmasıdır. İlin əvvəlindən bugünədək çox sayda fərman və sərəncamlar imzalanıb. Təxminən 300 milyarda yaxın vəsait xərclənib. İndi belə bir fərmanın verilməsi maaşların artırılmasına səbəb olacaq. 950 min insanın əməkhaqqının artırılması müsbət haldır". V.Əhmədov qeyd edib ki, maaş artımının inflyasiya artımına təsiri qaçılmazdır: "Biz bunu istəsək də, istəməsək də qiymətlərə təsir göstərəcək və inflyasiya artımı olacaq. Amma inflyasiya artımının birrəqəmli olaraq qorunub saxlanacağına əminəm. Çünki neftin qiyməti yüksəkdir, manatın məzənnəsi sabitdir. Manatın məzənnəsinin qorunub saxlanması üçün Mərkəzi Bank tərəfindən pul kütləsinə ciddi nəzarət olunur. Ona görə də inflyasiyanin 1-2 faiz arasında artımı gözləniləndir. Maaş artımları sentyabrın 1-dən qüvvədə olacaq.Azərbaycanda Prezidenti tərəfindən aparılan dərin islahatların əsas məqsədi əhalinin rifah halının yaxşılaşdırılması, rüşvətxorluğun, korrupsiyanın qarşısının alınamasıdır. Yəni insanlar aldıqları əməkhaqqı ilə özlərini dolandıra bilsinlər, gəlir əldə etmək üçün başqa vasitələrə əl atmasınlar. Minimum əməkhaqqının birdən-birə 70 manat artırılaraq, 180 manatdan 250 manata çatdırılması çox mühümdür. Minimum əməkhaqqının artımı dolayısı ilə pensiyalara da təsir edəcək". Deputat hesab edir ki, manatın məzənnəsi üçün risk gözlənilmir: "Ən azından ilin sonunadək manat sabit məzənnədə qalacaq. Yəni bunun üçün kifayət qədər iqtisadi əsaslarımız var". Deputat əhalinin gəlirlərinin artması ilə süni qiymət artımına gedilə biləcəyi ehtimalına da toxunub: "Bəzi monopolistlər, sahibkarlar maaş artacağı eşidən kimi bahalaşmaya gedirlər. Ona görə də hesab edirəm ki, İqtisadiyyat Nazirliyi və aidiyyatı qurumlar bu ərəfədə süni qiymət artımına yol verilməməsinə ciddi nəzarət etməlidirlər. Obyektiv bahalaşma ola bilər, amma subyektiv bahalaşma yolverilməzdir". V.Əhmədov eyni zamanda deyib ki, maaş artımı bununla kifayətlənməməlidir: "Məhkəmə-hüquq sistemində ciddi islahatlara start verilib. Bəzi hallarda yol verilən qanunsuzluq, rüşvətxorluq hallarının aradan qaldırılması istiqamətində addımlar atılır. Bu addımların davamı kimi sistemdə çalışanların da əməkhaqqı artırılmalıdır ki, rüşvət məsələsi tamamilə aradan qalxsın, insanlar şəffaf işləməyə meylli olsunlar".
Deputat Naqif Həmzəyev hesab edir ki, ölkə prezidentindən növbəti inqilabi qərar əhalinin rifah halını daha da yaxşılaşdıracaq. O, qeyd edib ki, son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb: "Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib.Vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. 2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib. Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixdə dövlət hökümət idarələrində çalışan dövlət qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatının artırılması haqqında imzaladığı bir sıra Sərəncamlar da əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardandır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin cari il fevralın 8-də imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb, bu artım 600 minədək insanı əhatə etmişdi". N.Həmzəyev qısa müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasının müsbət nəticələrini də açıqlayıb. O bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur: "Bu artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Ölkə Prezidentinin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyük zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır".
Nurlan