Kənd təsərrüfatı üçün açıq təhlükələr- ŞOK!

Vahid Əhmədov: “Kənd təsərrüfatı məhsullarının ixrac olunması da müəyyən monopilistlərin marağındadır”.

Qabil İbrahimli: "Mövcud olmayan təsərrüfatlara subsidiyalar yazılaraq ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir"

Ölkənin kənd təsərrüfatı sahəsində ciddi problemlər var. Bu, daha çox torpaqların əkib-becərilməsi, məhsuldarlığın aşağı olması ilə bağlıdır. Aydındır ki, bu cür problemlər kənd təsərrüfatının inkişafını ləngidən amillərdən biridir. Ölkə rəhbərliyi zaman-zaman bu sahəyə nəzarət edilməsini, yardımlar ayrılmasını barədə fərmanlar imzalasa da təəssüf ki, fermerlər bunun nəticələrini hiss edə bilmirlər. Belə ki, Prezidentin "İstehsalat, xidmət, maliyyə-kredit fəa¬liy¬yətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yox¬lamaların qadağan edilməsi barədə" və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanları, bundan başqa 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" kənd təsərrüfatının inkişafında önəmli yer tutur. Bundan başqa hər il fermerlər üçün ayrılan subsidiyalar, aqrolizinq sahəsində müxtəlif işlər görülür. Lakin qeyd etdiyimiz kimi  nə fərman və proqramlar, nə də ayrılan vəsaitlər  problemləri həll etmək üçün yetərli deyil. Çünki  ayrı-ayrı məmurların özbaşınalığı, yol verilən korrupsiya halları bu sahənin inkişafında başlıca əngəllərdəndir. Belə ki, fermerlərə ayrılan kreditlərin ya verilməməsi, ya da gecikdirilməsi ucbatından ölkədə kənd təsərrüfatına qoyulan investisiyalar azalır. Bu da imkansız fermerlərin torpağı vaxtlı-vaxtında əkib-becərməsinə ciddi maneə yaradır. Eksperlər də kənd təsərrüfatının inkişafına maneə olan başlıca amillərin məhz bu sahədəki korrupsiya halları ilə bağlı olduğunu qeyd etdilər. Milli Məclisin Aqrar Siyasət Komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov da kənd təsərrüfatında  yaranan bəzi problemlərin məhz bu sahədəki  korrupsiya halları ilə bağlı olduğunu bildirdi. "Subsidiyaların ayrılmasında da korrupsiya elementləri var, çox zaman bu vəsaitlər fermerlərə çatmır və ya bir qisim mənimsənilir. Bu barədə də məlumatlar var və həm Maliyyə, həm də Kənd  Təsərrüfatı Nazirliyi bu məsələ ilə məşğul olur, lakin problemlər tam həll olmur. Ona görə də, subsidiyaların verilməsində müəyyən dəyişikliklər edilməlidir.  Təklif edirəm ki, subsidiyaların pulla yox, gübrələrlə verilsin, həmçinin bunu başqa üsullarla da əvəzləmək olar. Müxtəlif əvəzləmələrlə bu sahədəki korrupsiya hallarını azaltmaq mümkündür. Düzdür, demək olmaz ki, kənd təsərrüfatının bütün sahələrində korrupsiya halları var, amma ayrı-ayrı sahələrdə bu hiss olunur. Ümumiyyətlə isə, Kənd Təsərrüfatı Nazirliyin sturukturunda dəyişikliklər etmək lazımdır. Çünki bu sahədə sturuktur, sovet dövründən qalıb, yerlərdə kənd təsərrüfatı ilə məşğul olan heç bir qurum yoxdur, fermerləri gübrə, toxum texnika ilə təmin etsin. Aqrolizinqlər yaradılır, lakin burada da ayrı-ayrı şəxslərin marağı fermerin işinə maneə olur. Həmin texnika elə qiymətə təklif olunur ki, fermerin onu icrayə götürməyə imkanı olmur. Düzdür, hazırda fermerlər aqrolizinqlə verilən texnikadan sitifadə edirlər, ancaq bu işi daha da təkminləşdirmək olar". İqtidsadçı ekspert Qabil İbrahimli deyir ki, aqrar sahədə korrupsiya halları özünü müxtəlif formalarda göstərir. "Bu hallar əsasən, subsidiyaların ayrılması zamanı özünü göstərir. Adətən də kiçik fermerlər üçün ayrılan subsidiyalarda korrupsiya halları daha çox olur. Yəni dövlət tərəfindən ayrılan pullar sadəcə kağız üzərində qalır, kəndli bundan çox az bir qisim alır və ya heç almır. Bəzən isə, mövcud olmayan təsərrüfatlara subsidiyalar yazılaraq ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir. Korrupsiya hallarının başqa bir forması aqrolizinqlə bağlıdır. Fermerlər kənd təsərrüfatı texnikalarını almaq üçün ciddi problemlərlə üzləşirlər, onlardan böyük həcmdə "şapkalar" tələb olunur. Halbuki, dövlət vəsaitləri hesabına alınan texnika fermerlərə gözəştli kreditlərlə verilməlidir".

Sata bilmirlər

   Kənd təsərrüfatında yaşanan ciddi problemlərdən biri də satışla bağlıdır. Bu gün fermerlər istehsal etdikləri məhsulu sata bilmirlər. Nəticədə hətta subsidiyalardan yararlanmaq belə mənasız olur. Məhsul satılmır və ya maya dəyərindən belə aşağı satılır ki, bu da fermerin marağına uyğun gəlmir. Çəkdiyi əziyyətin qarşılığı almayan fermer növbəti il məhsul əkməkdə maraqlı olmur və beləliklə yavaş-yavaş ölkə təsərrüfatında tənəzzül yaşanır. Q.İbrahimli bu sahənin də ayrı-ayrı monopolislərin əlində cəmləşməsinin satış prosesinə maneə olduğunu bildirdi. "Müxtəlif meyvə tərəvəz emal müəsissələri var ki, onlar fermerlərdən məhsulu alır müxtəlif məqsədlər üçün emal edirlər. Həmin müəsissələrin də əksəriyyəti monopolistlərin əlində olduğundan satış üçün alternativ imkanlar yoxdur. Buna görə də, fermerlər məhsullarını daha yüksək qiymətə başqa müəsissələrə sata bilmirlər. Bazar alternativsizliyi səbəbindən monopolistlər fermerlərə çox aşağı qiymətlər təklif edirlər. Məsələn, maya dəyəri 50 qəpik olan meyvəni 55 qəpiyə alırlar ki, bu zaman da fermer çox cüzi gəlir götürür. Ancaq daha yaxşı olardı ki, bazarda rəqabət mühiti olsun, fermerlər də daha yaxşı qiymət təklif edən müəssisə ilə müqavilə bağlasınlar". Qeyd edək ki, dövlət məhsulların satışını təmin etmək üçün də müəyyən köməkliklər göstərir, lakin bu zaman yenə də monopolistlərin marağı önə çıxır. İldə bir neçə dəfə təşkil olunan satış yarmarkaları zamanı bəzi fermerlər üçün yaradılan məhdudiyyətlər belə deməyə əsas verir. Q.İbrahimli də yarmarkaların da qeyri-rəsmi olaraq böyük gəlir götürmək istəyən  konkret  şəxslərin nəzarətində olduğunu deyir. "Həmin yarmarkalarda açıq qapı siyasəti yoxdur ki, istənilən bir kəndli  məhsulu çıxarıb realizə etsin. Burada müəyyən məhdudiyyətlər var ki, bunlar da müəyyən maliyyə qruplarının nəzarəti altındadır". Millət vəkili də kənd təsərrüfatı sahəsində ən ciddi problemlərdən birinin məhz  meyvə, tərəvəz, ən önəmli problem isə sitrus meyvələrinin satışı ilə bağlı olduğunu bildirdi. "Kənd təsərrüfatı məhsullarının ixrac olunması da müəyyən monopilistlərin marağındadır. Onlar həm də bir sıra xarici ölkələrdən məhsul idxal edirlər ki, bu da öz məhsullarımızın yerli bazarda da satılmasına  müəyyən maneələr yaradır. Məsələn, Quba, Xaçmaz zonasında insanlar istehsal etdikləri məhsulları bazara çıxara bilmir, hətta maya dəyərindən daha aşağı qiymətə satmaq məcburiyyətində qalırlar. Eyni problemlər Gədəbəy zonasınada kartof, soğan satışı zamanı da yaşanır. 2012-ci ilin dövlət büdcəsinə düzəlişləri müzakirə edəndə bu məsələyə toxundum ki, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məsələyə ciddi yanaşılsın". 

Korrupsiyanın nəticələri

Qeyd edək ki, artıq dünyanın qarşısında duran ən ciddi problemlərdən biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Belə ki, günü-gündən artan əhalinin ərzağa olan tələbatını təmin etmək üçün bəzi ölkələr bu sahənin inkişafını təmin etmək üçün bəzi güzəştlər tətbiq edirlər. Əvvəldə də  qeyd etdiyimiz kimi ölkəmizdə də bu istiqamətdə müəyyən addımlar atılır. Lakin bunlar hələ ki, tam müsbət həllə kömək etmir. Q.İbrahimli deyir ki, korrupsiya halları kənd təsərrüfatında problemlər yaradır, bu eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinə də ciddi təhlükələr yaradır. "Ölkəmizin kifayət qədər taxılçılıq potensialı olmasına baxmayaraq, yerli istehsal taxıla olan tələbatı ödəyə bilmir, idxal taxıla ehtiyac yaranır. Bu da kifayət qədər ciddi problemdir və bu daha çox ölkənin kənd təsərrüfatı  bazarının inkişaf etməməsi ilə bağlıdır. Adətən dünyada kənd təsərrüfatı mallarının satışı rentabelli biznes sayılmır. Ona görə də bütün dövlətlərdə kənd təsərrüfatına birbaşa və dolayı subsidiyalar ayrılır ki, rentabellilik təmin edilsin. Dövlətin bu sahəyə müəyyən güzəştlər etməsində müəyyən maraqları olur. Çünki sonradan həmin məhsulları ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün fermerlərdən satın alır. Məsələn, taxıla olan tələbatı təmin etmək üçün taxıl fondu yaradılıb. Bu həm dövlət, həm də fermerlər üçün yaxşı variantdır. Belə ki, həm fermer məhsulunu satır, həm də dövlət ehtiyaclarını ödəyir. Bu başqa məhsul növləri üçün normal hal hesab olunur". O həmçinin qeyd etdi ki, kənd təsərrüfatında mövcud problemlər nəticəsində,  fermer məhsullarını normal realizə edə bilmir, keyfiyyəti aşağı olan məhsullar istehsal olunur. "Kənd təsərrüfatı aşağı olan ölkədə emal sənayesi güclü inkişaf edə bilmir. Emal sənayesi inkişaf etmirsə,  bu zaman ölkənin ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər var. İxrac gücü zəifləyir, çünki Azərbaycan nefti çıxmaq şərti ilə aqrar ölkədir, ona görə də indiki mərhələdə  yalnız aqrar məhsullar ixrac edə bilər. Bunlar da kənd təsərrüfatı və emal sənayesi məhsulları ola bilər. Beləliklə, dünya bazarına rəqabətə davamlı məhsul çıxara bilmir. Göründüyü kimi, bunlar hamısı bir-biri ilə zəncirvari bağlı olan prosesdir. Lakin bu gün ölkədə istehsal olunan taxıl keyfiyyətli deyil, ona görə də, taxıl fondu üçün yararlı olmur. Taxıl fondunda yerli sitehsalın payı 5-10%-dən çox deyil. Keyfiyyəti aşağı olan məhsulu bazara çıxarmaq olmur, bir çox hallarda bu qonşu ölkələrə aparırlar. Həmin ölkələrdə də satmaq heç də asan olmur. Çünki bütün alıcılar keyfiyyətli məhsula üstünlük verirlər.  Alıcı problemi kənd təsərrüfatı bazarında aktual olaraq qalır".

Pilot layihələr
   V.Əhmədov bu sahədəki problemlərin həlli üçün bəzi təkliflər də irəli sürdü. "Kənd təsərrüfatı sahəsində inkişafı təmin etmək, korrupsiya hallarının qarşısının alınması üçün Milli Məclisdə demək olar ki, bütün qanunlar qəbul olunub. Məsələn, sahibkarlığa kömək milli fondu yaradılıb,  dövlət tərəfindən fermerlərə böyük dəstək var, lakin yerlərdə bu məsələ ilə məşğul olunmalıdır. Məsələn, kənd təsərrüfatı rayonlarına müəyyən güzəştlərə getmək lazımdır.  Təklif edərdim ki, Qubada bir pilot layihə həyata keçirsinlər, orada toplanan vergilər rayonun büdcəsində qalsın. Rayonun kənd təsəsrrüfatı inkişaf edib, iri təsərrüfat sahələr yaranana qədər vergilər rayon büdcəsində saxlanılsın, bu sahənin inkişafına həsr olunsun. Bu cür layihələrlə kənd təsərrüfatında inkişafa nail olmaq mümkündür. Bundan başqa fermerlərə əlavə vəsaitlər verilməlidir. Bütün ölkələrdə kənd təsərrüfat dotasiya ilə işləyir, çünki bura çox ağır sahədir. Tez-tez təbii fəlakətlər, daşqınlar olur və bunlar da təsərrüfatlara birbaşa təsir edir, ona görə də kənd təsərrüfatını daim diqətdə saxlayıb kömək etmək lazımdır. Bütün bunlarla yanaşı rəqabət mühiti də yaradılmalıdır, çünki rəqabət mühiti formalaşmasa bütün problemlər açıq qalacaq və hər il təkrar olaraq yaşanacaq".

Gülxar Şərif
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31