Sahibkarlar Gününə həsr olunmuş Konfrans keçirilib
Sahibkarlar Gününə həsr olunmuş Konfrans keçirilib
4 İyun 2019 17:37 İqtisadiyyatİyunun 4-də Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda Konfrans keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, sahibkarlar iştirak ediblər.
Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail ounduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, dördüncü ildir ki, qeyd edilən Sahibkarlar Gününün sahibkarlığa göstərilən yüksək diqqətin və qayğının daha bir göstəricisi olduğunu bildirib.
Konfransda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Sonra ölkəmizdə sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən "Dayanıqlı inkişafın əsası - sahibkarlıq" filmi nümayiş olunub.