Büdcədə sosial sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artıb
Büdcədə sosial sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artıb
31 May 2019 15:32 İqtisadiyyatMM-in yaz sessiyası başa çatdı
Milli Məclisin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi aparılıb. Qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2018-ci ildə manatın məzənnəsi sait qalıb, inflyasiya təkrəqəmli olub. Keçən il xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard dollara çatıb, 20,3 milyard dollar müsbət saldo yaranıb: "Keçən il şəffaflığın bərpa olunması üçün vergi ödəyicilərinə zaman verilib, səyyar yoxlamalar 3,4 dəfə azalıb. Vergi proqnozu 7 milyard 380 milyon manata qarşı 7 milyard 415 milyon manat icra olunub. 2018-ci ildə dövriyyələrin şəffaflaşdırılmasına başlanıb. İqtisadiyyat üzrə dövriyyənin 5,3 faizi sadələşdirilmiş vergiyə cəlb edilib. Özəl sektordan daxil olmalar vergi daxilolmaların 5,1 faizə, vergi ödəyicilərinin sayı 970 304 nəfərə çatıb. Keçən il açılan müəssisələrin sayı bağlanan müəssisələrin sayından 1,9 dəfə çox olub. Təklif edərdim ki, müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparsınlar. İri, orta müəssisələr niyə bağlanır? Biz bunu araşdırsaq, əminəm ki, konkret nəticələr əldə olunar və fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hər bağlanan müəssisənin arxasında işçilər, məşğulluq dayanır". Z.Səmədzadə bildirib ki, Vergilər Nazirliyi və Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarına birgə nəzarət həyata keçirir ki, bu da müsbət nəticələr verəcək. O, iqtisadiyyatın inkişafı üçün ölkəyə gətirilən xammala güzəştlər tətbiq edilməsini, gömrükdə riskli halların araşdırılaraq aradan qaldırılmasını təklif etdiklərini söyləyib: "Son dövrlər büdcədə əsaslı xərclər və sosial sahənin büdcədə çəkisi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Nəzərə çatdırım ki, 2005-ci ildə dövlət büdcəsinin gəlirləri manatla 2 milyard 55 milyon, dollarla 2 milyard 170 min olub. Büdcənin ümumdaxili məhsulda çəkisi ötən müddət ərzində 28 faizə çatıb. Ümumdaxili məhsulda da xərclər 28 faizdən bir qədər çoxdur. 2005-ci ildə əsaslı xərclər 334 milyon dollar, əsaslı xərclərin ümumdaxili məhsulda çəkisi isə 2,5 faiz olub. Sonrakı dövrdə Neft Fondundan transfertlər, alınan kreditlər hesabına əsaslı xərclər artdı, Bakı-Tbilisi-Ceyhan, Bakı Dəniz Limanı kimi böyük layihələr həyata keçirildi. 2005-ci ildə büdcənin 85 faizi sosial xərclərə yönəldilmişdi, vəsaitlər ancaq cari xərclərə çatırdı, əsaslı xərclər üçün vəsait yox idi. Məhz əsaslı xərclər sayəsində Azərbaycan böyük layihələr həyata keçirdi, güclü infrastruktur yaradıldı, ölkə nəqliyyat qovşağına çevrildi, iqtisadiyyatın inkişafı üçün daha münbit zəmin yaradıldı. İndi büdcədə sosial xərclərin çəkisinin 40 faiz olması o demək deyil ki, sosial sahəyə diqqət azalıb. Ötən dövrdə sosial sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Əsaslı xərclərin və sosial sahəyə yönəldilən vəsaitlərin artmasının arxasında düşünülmüş siyasət dayanıb".
Ardınca Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun rəyini təqdim edib. HP sədri bildirib ki, 2018-ci ilin dövlət büdcəsi milli valyutanın sabit dinamikası əsasında icra olunub. V.Gülməmmədov deyib ki, 2018-ci ildə əvvəlki iki ildə müşahidə olunan ikirəqəmli inflyasiya birrəqəmli səviyyəyə düşüb: "Münbit makroiqtisadi meyllər dövlət büdcəsinin uğurla icrasına zəmin yaradıb. Ancaq 7 tədiyyə növündə büdcə proqnozu kəsirlə icra olunub. Keçən il Neft Fondunun transferti nəzərə alınmazsa, büdcənin gəlirləri 2017-ci illə müqayisədə 10,9 faiz çox olub. Mənfəət vergilərinin 51 faizinin neft sektoru hesabına toplandığı diqqətdə saxlanılmalıdır. Proqnozlaşdırılan vergi gəlirlərinin isə 11,7 faiz artıq icra olunduğunu qeyd etmək lazımdır". Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, büdcə xərclərinin faydalılığı ilə bağlı təhlil aparılıb: "2018-ci ildə şərti istehsal xərcləri əvvəlki illə müqayisədə 78 faiz çox olub, büdcədə çəkisi də artıb. Büdcə xərclərinin strukturunda əsaslı xərc qoyuluşunda da artım müşahidə olunub. Dövlət İnvestisiya Proqramının icrası məqsədilə 7 milyard manatdan çox əsaslı vəsait qoyuluşu qeyri-neft sektorunun inkişafına yönəlib. 2018-ci ilin sonunda büdcə kəsrinin məbləği proqnozlaşdırılan məbləğdən 4,3 dəfə az olub. Nəticədə büdcə kəsiri ilə bağlı Avropa İttifaqının qrantından istifadə edilməyib. Vahid xəzinə qalığı büdcə gəlirlərinin 7,3 faizinə bərabər olub. Hesablama Palatası bu vəsaitin dövlət borclarının ödənilməsinə yönəldilməsini təklif edib". Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb.
Alim