Cəlilabadda 44 sahibkara 615 min manat güzəştli kreditlər verilib

Martın 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Cəlilabadda keçirib. Nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, tədbirdə 100-dək sahibkar iştirak edib. Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb. Bildirib ki,  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki,  bu ilin ötən dövrü ərzində artıq 479 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilib. Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 615 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, toxumçuluq, tərəvəzçilik, tikinti materialları istehsalı və s. sahələrə yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31