“Moskvanı kim yedirəcək?”

Aleksey Nemeryuk: “Biz ənənəvi tərəfdaşlarımızdan - Azərbaycan, Özbəkistan, habelə bir sıra qərb ölkələrindən çox asılıyıq”

"Bazarlar şəhərin infrastrukturunda əhəmiyyətli rol oynayırlar. Biz maksimum dərəcədə çalışmalıyıq ki, kənd təsərrüfatı malları satılan bazarları qoruyub saxlayaq".  Lent.az-ın məlumatına görə, bu barədə mətbuat konfransında Moskva şəhər ticarət və xidmət departamentinin sədri Aleksey Nemeryuk bildirib.  Nemeryuk onu da qeyd edib ki, hazırda Moskvada fəaliyyət göstərən 67 bazardan 41-də məhz kənd təsərrüfatı malları satılır. Onların isə ləğv edilməsinə yol vermək olmaz.
Departament sədrini qayğılandıran əsas məqam isə Rusiya paytaxtında mövsümi kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. O, bildirib ki, rus fermerin yetişdirdiyi məhsul hələ iyulun sonu, avqustun əvvəllərində bazara çıxacaq. "Biz ənənəvi tərəfdaşlarımızdan - Azərbaycan, Özbəkistan, habelə bir sıra qərb ölkələrindən çox asılıyıq. Bu ölkələrdən, kartof, tərəvəz, meyvə idxal olunur. Və maksimum şərait yaratmalıyıq ki, indi bu ölkələrin məhsulları rahat şəkildə bazarlara daxil olsun. Yoxsa bizi kim yedirəcək?"
Moskvada fəaliyyət göstərən "Sabah" ictimai təşkilatının sədri Teymur Hüseynovla əlaqə saxladıq. Teymur bəy Lent.az-a açıqlamasında bildirdi ki, Moskva bazarlarında qiymətlər keçən ilkindən sözün həqiqi mənasında bahadır: "Xüsusi ilə Rusiya Federasiyası Dövlət Sanitariya Xidmətinin sədri Gennadi Onişenkonun mayın 1-dən MDB ölkələrindən və Avropadan meyvə və tərəvəz məhsullarının idxalına tətbiq edilməsinə dair məhdudiyyətlə bağlı sərəncamı bazarlarda kəskin qiymət artımına səbəb olub. Təsəvvür edin, Azərbaycan pomidorunun bir kiloqramı Moskvanın ən ucuz hesab edilən bazarlarında 160 rubldan aşağı satılmır. Bu isə 5 dollardan da bahadır. Gilas, ərik və digər yay meyvələrinin ən ucuzunun qiyməti isə 300 rubldan yuxarıdır. Eləcə də göyərtinin bir dəstəsinin qiyməti bir dollardan çoxdur. Ona görə də departament rəisinin "bizi kim yedirsin" deməsində həqiqət var" - deyə, həmyerlimiz bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31