İqtisadi islahatlar ölkəmizin dinamik inkişafını təmin edib

İqtisadi islahatlar ölkəmizin dinamik inkişafını təmin edib

İlham Əliyev: "Son 15 ildə iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb"

Azərbaycanda geniş miqyasda aparılan iqtisadi islahatlar nəticəsində ölkəmizin iqtisadi infrastrukturunun yenilənməsi, müasirləşməsi nəticəsində yeni iş yerlərinin açılması ilə bağlı görülən tədbirlər nəticəsində bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması istiqamətində daha etibarlı bazanın yaradılması kimi vacib işlər həyata keçirilir. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkəsinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib ki, son 15 ildə iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb: "Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır". Görülən işlərin gələcək üçün möhkəm zəmin yaratdığını vurğlayan dövlət başçısı qeyd edib ki, bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur: "Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır".

Sözün həqiqi mənasında cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı nəzərəçarpaçaq dərəcədə inkişf edib. Bunu statistik rəqəmlər də təsdiq edir. Məlumat üçün qeyd edək ki, birinci rübdə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 415 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 59 milyon dollar və ya 16,5 faiz artıb. Üç ayda Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İrana 12,7 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Onu da qeyd edək ki, Azərbaycan iqtisadiyyatının inkişafı ölkənin ixrac potensialının artmasına səbəb olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 2 faiz, Gürcüstana 58 faiz, İtaliyaya isə 74 faiz artıb: "Bu ilin yanvar-mart aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 624 milyon 446 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 57 milyon 995 min dollar çoxdur. Birinci rübdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 495 milyon 861 min dollar olub. Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycanın inkişafı durmadan artır. 2019-cu ilin I rübünün yüksək göstəriciləri təkcə statistika ilə deyil, eyni zamanda hər bir kəsin şəxsi həyatında öz nəticəsini göstərir. Deputat bildirib ki, ilin əvvəlindən başlayaraq əhalinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin, müavinətlərinin artması, sosial xarakterli bir neçə iri masştablı layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən vaxtaşırı verilən sərəncamların hamısı iqtisadi inkişafı, sosial vəziyyətin yaxşılaşmasına, insanların daha güvənli yaşamasına səbəb olur. A.Mirzəzadə söyləyib ki, Azərbaycan bu inkişafa öz daxili resursları və özünün imkanları hesabına əldə edir: "Xarici təcrübəni öyrənsək də, xarici mütəxəssisləri, ekspertləri dəvət etsək də, amma bununla belə ayrı-ayrı sahələrin inkişafı öz mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Bütün sahələr üzrə çox ciddi nəticələr var". Azərbaycanda qeyri-neft sektorunun sürətlə artdığını deyən deputat qeyd edib ki, bunu həm paytaxtda, həm də regionlarda görmək olar: " Bunu həm ənənəvi Azərbaycan iqtisadiyyatı, həm də ölkəmiz üçün yeni olan sahələrdə görmək mümkündür. Həmçinin Azərbaycanda beynəlxalq tədbirlərin vaxtaşırı keçiriləsi də, ölkəmizin həm siyasi nüfuzunu artırır, həm də iqtisadiyyatımızın cəlb ediciliyini yüksəldir. Heç bir şübhə yoxdur ki, ilin ilk rübündə götürülən yüksək temp bütün il boyu davam edəcək və əvvəlki illərdə olduğu kimi 2019-cu ili uğurla başa vurulacaq".

Cari ildə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı regionların da sosial-iqtisadi inkişafını təmin edib. Belə ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində regionlarda yeni istehsal və emal müəssisələri açılıb, yeni iş yerləri yaradılıb, bölgələrin infrastrukturu tamamilə yenilənib. Millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. A.Rəhimzadə bildirib ki, dövlət başçısının "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Fərmanı ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi daşıyır: "Regionlarımızın inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31