Azərbaycan iqtisadiyyatının şaxələnməsi əsas məqsədlərdən biridir- Ekspert

İlham Əliyev: "Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir"

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dayanıqlığı təmin edilib. Məhz bu amil ölkəmizin inkişaf etmiş xarici dövlətlərlə əməkdaşlığına zəmin yaratmaqla yanaşı, nəhəng beynəlxalq layihələrinin iştirakçısına çevirib. Başqa sözlə,  Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəni beynəlxalq aləmdə ən etibarlı tərəfdaş dövlətə çevirib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb. Dövlət başçısı bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir: "Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir". Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir: "Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir".

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin  ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakə və oadakı çıxışı ölkəmizin dünya iqtisadiyyatının tam tərkib hissəsi olması üçün perspektivlər açır. Üstəlik dövlət başçısının səfər çərçivəsində keçirdiyi görüşlər, xarici şirkətlərin ölkəmizdə fəaliyyəti üçün yaradılan şərait barədə məlumatların verilməsi Azərbaycanın əcnəbi iş adamları üçün nə qədər cəlbedici olduğunu bir daha təsdiq etmiş olur. Nəzərə almaq lazımdır ki, səfər çərçivəsində Prezident İlham Əliyev telekomunikasiya, energetika və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm görüşlər keçirib. Bu baxımdan qeyd etmək olar ki, "Bir kəmər, bir yol" Forumu nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarət və turizmin inkişafına stimul verir. Xatırladaq ki, sözügedən forumun baş tutması və nəzərdə tutulan layihələrin həyata keçməsi ilk növbədə Azərbaycanın iştirakı və ciddi səyi nəticəsində reallaşan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləridir. Bu nəqliyyat dəhlizləri hesabına Avropa Asiya və Şərq ölkələri arasında sıx iqtisadi və mədəni əməkdaşlıq yaranmasına yol açıb. Həmçinin bu layihə Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstəcək. Forumun əhəmiyyətinin yüksək olması Çin paytaxtına toplaşan və bütün qitələri əhatə edən dövlətlərin tərkibini sübut edir.

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, "Bir kəmər, bir yol" layihəsi qlobal əhəmiyyət daşıyır. Bu layihə dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir. Onun bildirdiyinə görə, "Bir kəmər, bir yol" layihəsinin reallaşması nəqliyyat dəhlizlərinin inkişafı baxımından çox mühümdür. Söhbət Asiyadan Avropaya, xüsusən də Çindən Avropaya daşınmadan gedir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi də kifayət qədər çoxdur. Çin 225 milyard dollar sərmayə qoyub. Vüqar Bayramovun sözlərinə görə, "Bir kəmər, bir yol" multinəqliyyat növlərindən istifadə edilməsinə imkan yaradacaq. Qlobal layihə Asiya və Avropa arasındakı ticarət dövriyyəsinin artmasına yol açacaq. Bu layihə Azərbaycana da böyük iqtisadi dividendlər qazandıracaq. Ölkəmiz "Bir kəmər, bir yol" vasitəsilə beynəlxalq yükdaşımalardan böyük gəlir əldə edəcək. Bu məqsədlə Azərbaycan hökuməti Qazaxıstan və Gürcüstanla yükdaşımalar üçün vahid tarif əldə edib. Ölkəmiz yükdaşımalar sahəsində müasir infrastruktur yaradıb. Xüsusən də Xəzərin hüquqi statusunun müəyyənləşməsi də bu işin reallaşmasına təsir edən amildir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, beynəlxalq yükdaşımalarda ölkəmizə böyük valyuta daxil olacaq. Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, 2008-ci ildən etibarən dünya iqtisadiyyatında baş verən böhran, bütövlükdə dünya iqtisadiyyatının inkişaf sürətini zəiflətməyə başladı. Dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişlənməsinə ehtiyac var idi. Bunun üçün yeni təşəbbüslərə, eyni zamanda iqtisadi əməkdaşlığın yeni formatının yaradılmasına ehtiyac var idi. Azərbaycandan keçən qədim İpəkyolunun yenidən dirçəldilməsi ilə bağlı hər zaman müxtəlif təşəbbüslər olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ideya yenidən gündəmə gəldi: "Çinin 2013-cü ildən etibarən irəli sürdüyü "Bir kəmər - Bir yol" layihəsi əslində yeni bir layihə deyil. Çinin irəli sürdüyü bu layihə həm maliyyə, həm də əhatəlilik baxımından bu təşəbbüslərin içində ən böyüyüdür. Bu layihə 65 ölkəni əhatə edir. Layihənin bütövlükdə maliyyə yükü təxminən 1 trilyon dollardan çoxdur. Bu qədər ölkəni və bu həcmdə maliyyəni özündə birləşdirən layihə olduğuna görə hazırda bütövlükdə materikdə iqtisadi əməkdaşlıq formatını dəyişib". Onu da qeyd edək ki, bu layihə həm də siyasi əlaqələrin genişlənməsi üçün əvəzedilməz platformadır. Bu baxımdan Forumun ölkəmiz üçün ən önəmli əhəmiyyəti Dağlıq Qarabağ probleminin qaldırılması oldu. Ölkə Prezidentinin forumda çıxış zamanı bu məsələ xüsusi olaraq vurğulandı. Dövlət başısının çıxışı zamanı verdiyi mesaj bu layihələrin təhlükəsiz və qarantlı həyata keçməsi üçün regionda stabil sülh olmasının təmin olunmasına hesablanmışdı. İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinp və Rusiya Prezidenti Vladimir Putinlə görüşləri zamanı Dağlıq Qarabağ problemi ciddi müzakirə olundu. Bu görüşlər Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda öz ədalətli mövqeyini qorumaq üçün çox vacib faktordur.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31