İqtisadi böhran qaçılmaz hal alıb
Almaniya iqtisadiyyatı da zəifləyəcək
4 İyun 2012 17:01 İqtisadiyyatDünya iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar gəlməkdə davam edir. Avropanı bürüyən işsizlik, ağır və yüngül sənayedə olan geriləmə bu sahə üzrə məşğul olan mütəxəssisləri ciddi düşündürməyə vadar edib. Avropada iqtisadi analizlər onu deməyə əsas verir ki, hazırda yaranan problem ciddi hal alıb. Əgər qısa zamanda bununla bağlı ciddi addımlar atılmazsa yeni böhran dalğası Avropadan başlanacaq. Ekspertlər isə hesab edir ki, yeni böhranın fəsadları ciddi xarakter daşıyacaq. Yəni, ABŞ daşınmaz əmlak bazarından başlayan böhrandan fərqli olaraq yeni böhranın qarşısı alınmaz olacaq. Bu işə dünya üzrə işsizliyin azalması, iqtisadi tarazlığın pozulması ilə müşahidə olunacaq. Ümumilikdə dünyada baş verə biləcək böhran barəsində beynəlxalq təşkilatlar da həyəcan təbili çalır. "The Gloom, Boom & Doom Report" investisiya bülleteninin təsisçisi Mark Faber CNBC-yə müsahibəsində böhranın qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, yeni böhranın yaranmasına səbəb təkcə AVRO zonada olan iqtisadi problemlər deyil: "Bazarı izləyənlər adətən diqqətlərini Yunanıstana və Avropaya yönəldirlər. Amma daha vacib şeyləri yaddan çıxarırlar. Bu da Hindistan və Çin iqtisadiyyatında artımın əhəmiyyətli dərəcədə aşağı düşməsidir. Çin iqtisadiyyatının HSBC Flash Purchasing Managers Indexinə görə, 7-ci aydır ki, artım aşağı düşüb. Bu indeks mayda 48,7 olubsa, apreldə 49,3 olub". Faberi həmçinin yüksək sinfə yönəlik əmtəə və xidmət bazarındakı problemlər də narahat edir: "High-end sektoruna xidmət edən şirkətlərin çoxunun aksiyalarının qiyməti düşür. Bu o deməkdir ki, iqtisadiyyatın durumu getdikcə pisləşəcək, aktivlərsə ucuzlaşacaq". Faber hesab edir ki, baş verənlərdən bütün dünya iqtisadiyyatı ziyan çəkəcək: "Düşünürəm ki, biz 4-cü rübdə və ya 2013-cü ildə qlobal resessiya ilə üzləşə bilərik". Faber investorlara bir məsləhət də verir: pullarını ABŞ dolları şəklində toplasınlar və daha çox qızıl alsınlar. Düzdür, Faberə görə, çox yaxında Yunanıstanın Avropa Birliyindən çıxmasının təsiri altında dünya bazarında ralli də başlana bilər. Bu da öna gətirəcək ki: "Aydınlıq yaranacaq. Amma bankların və sığorta şirkətlərinin aksiyaları üçün bu, yaxşı olamayacaq, indi bütün bazar az qala "satılıb". Hərçənd o əmindir ki, Avrozonanın iflas ehtimalı elə də böyük deyil. Faberlə yanaşı dünya şöhrətli milyarder Corc Sorosda yeni böhran dalğasının yaşanacağını qaçılmaz hesab edir. O,
hesab edir ki, Avropanın öz vahid valyutasını xilas etmək üçün cəmi üç ay vaxtı qalıb. İtaliyanın Trento şəhərində keçirilən İqtisadiyyat Festivalında çıxışı zamanı C.Soros onu da qeyd edib ki,
üç aydan sonra bazarlar gözləməkdən bezəcək, daha çox şey tələb etməyə başlayacaq, amma hökumətlər bu tələbləri yerinə yetirə bilməyəcək. Onun fikrincə, Avropa Birliyinin iyunun sonunda keçiriləcək sammiti bütün tərəfləri təmin edən minimal tədbirlərin qəbul edilməsi ilə işini məhdudlaşdıracaq: "Bu tədbirlər mövcud neqativ tendensiyaların qorunması şərti ilə vəziyyəti yalnız müvəqqəti yaxşılaşdıracaq". İnvestor deyib ki, iyunun 17-də Yunanıstanda parlament seçkiləri "Avropa Birliyindən qovulmaq qorxusu altında" keçiriləcək və orada beynəlxalq kreditorların tələblərini yerinə yetirməyə hazır olan qüvvələr qalib gələcək: "Amma Yunanıstanda hansı hökumətin hakimiyyətə gəlməsindən asılı olmayaraq, heç kim bu tələbləri yerinə yetirmək iqtidarında deyil və payızda bizi bu ölkədəki böhranın kulminasiyası gözləyir". C.Soros payızda Almaniya iqtisadiyyatının da zəifləyəcəyini proqnozlaşdırır: "O zaman kansler Merkel almanları növbəti avroöhdəliklər götürməyə inandıra bilməyəcək". Məşhur maliyyəçi avronu xilas etmək üçün bir sıra təkliflər də irəli sürüb: "Banklardan əmanətlərin kütləvi axınının qarşısını almaq üçün bank depozitləri sığortalanmalı, Avropa bankları Avropa Maliyyə Sabitliyi Fondundan birbaşa maliyyələşdirilməlidirlər. Amma heç nəyə Almaniyanın köməyi olmadan nail olmaq mümkün deyil".
Ədil Ədilzadə