Pensiya və müavinətlərin artırılması Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gəlir- TƏHLİL

Azərbaycanın iqtisadi gücü artdıqca bu siyasət davam etdiriləcək

Azərbaycanın iqtisadi gücü artdıqca bu siyasət davam etdiriləcək

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial siyasət divan etdirilir. Belə ki, dövlət başçısının 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşların sosial rifah halının yüksəlməsinə hesablanıb. Daha dəqiq sözügedən sərəncam və fərmanlar çoxsaylı vətəndaşın social müavinətləri və Prezident təqaüdlərinin aprelin 1-dən orta orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edəcək. Etiraf edilməlidir ki, bu sənədlər dövlət başçısının uğurlu sosial islahatlar paketinin növbəti nailiyyəti olmaqla, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addımın atılması deməkdir.

Məlumat üçün qeyd edək ki, aprelin 1-dən əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar",  "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar", "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar" səbəbindən baş verdikdə aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılır.

Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyən olunub. Fərmanda 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanın müvafiq yarımbəndindədki "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş" sözlərinin "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilməsi tapşırılır.

İmzalanan digər bir Fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılır.15 aprel 2019-cu il tarixdə imzalanan daha bir Fərmanla "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanda "Müharibə əlillərinə" sözlərinin "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə" sözləri, "əlil olan" sözlərinin "əlilliyi müəyyən olunmuş" sözləri ilə əvəz edilməsi tapşırılır. Həmçinin qeyd olunan 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanın aid olduğu şəxslərin (Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin) sırasına 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər də daxil edilir. Beləliklə, Prezidentin aylıq təqaüdü Fərmanın əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə  250 manat, II dərəcə əlilliyi olan şəxslərə - 230 manat, III dərəcə əlilliyi olan şəxslərə - 210 manat müəyyən olunur.

Millət vəkili Musa Quliyev bildirib ki, bir müddət bundan öncə Azərbaycanda yeni pensiya və sosial müavinət formalarının təyin olunması ilə əlaqədar qaydaların hazırlanması istiqamətində Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıq verilmişdi. Müharibə veteranlarının təqaüdünün artırılması, əlillərə baxan şəxslərə yeni təqaüdün ayrılması və digər bu istiqamətdə imzalanan Fərmanlar verilən tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır. Deputat bildirib ki, ölkə başçısının imzaladığı son Fərmanla yeni müavinət növü təsis olundu və digər sosial müavinətlərin də artırılması təmin edildi: "Bu müavinətlər aprelin 1-dən hesablanacaq. Bildiyiniz kimi pensiya alan Qarabağ müharibəsi veteranları ilə pensiya yaşı çatmayan müharibə veteranlar arasında fərq var idi. Bu fərq tamamilə aradan qaldırıldı və pensiya alan Qarabağ müharibəsi veteranlarının müavinətlər 6 dəfə qalxmış oldu. Əgər əvvəllər onlar 11 manat alırdısa, indi 80 manat alacaq". M. Quliyev söyləyib ki, ölkə başçısı tərəfindən ötən gün imzalanan Fərman 18 yaşına çatmış əlil uşağa və birinci qrup əlilə qulluğa görə xüsusi sosial müavinətin verilməsi ilə bağlıdır ki, bu da 50 manat təşkil edir: " Bununla bağlı uzun müddət həm ictimaiyyətdə həm də Milli Məclisdə müzakirələr aparılıb. Cənab Prezident ötən günkü Fərmanı ilə bu məsələni də həll etmiş oldu. Ailəsinin üzvünə qulluq etməyə görə müavinət veriləcək ki, bu da Prezident İlham Əliyevin az təminatlı ailələrə qayğı və diqqətinin növbəti ifadəsidir. Cənab Prezident bu ilin əvvəlində bəyan etmişdi ki, 2019-cu il sosial müdafiə baxımından xüsusi il olacaq. Bundan sonra da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılacaq. Pensiyalar, müavinətlər, təqaüdlər daha da artacaq, yeni iş yerləri yaradılacaq və digər sosial layihələr həyata keçiriləcək. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha yaxşılaşması dayanır". Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri ardıcıl olaraq həyata keçiriləcək, bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31