Bankda zamin duran hansı öhdəliyi daşıyır?
4 Mart 2013 14:14 İqtisadiyyatOxucu redaksiyamıza müraciət edərək bankda zamin durmaqla hansı öhdəliyi götürmüş olacağını soruşur: "Dostum bankdan kredit götürmək istəyir. Bank isə bir nəfərin dostumun krediti qaytarmasına zamin durmasını istəyir. Bilmək istərdim, mən dostuma bank qarşısında zamin durmaqla hansı ölçüdə öz üzərimə öhdəlik götürmüş olacam?"
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov "Olaylar"a bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, əgər dostunuz bank qarşısında öz üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, dostunuzla birlikdə Siz də bank qarşısında birgə məsuliyyət daşıyacaqsınız.