Azərbaycan Beynəlxalq Su Həftəsində təmsil olunub
Livanda 7-ci Beyrut Beynəlxalq Su Həftəsi keçirilib
15 Aprel 2019 16:01 İqtisadiyyatLivanda 7-ci Beyrut Beynəlxalq Su Həftəsi keçirilib. Su həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün "Azərsu" ASC-nin sədri, Dünya Su Şurası İdarə Heyətinin üzvü Qorxmaz Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Livanda səfərdə olub. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, 2008-ci ildən indiyədək keçirilən Beyrut Su Həftəsi Aralıq dənizi və digər ölkələrlə birgə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Həftə çərçivəsində bir sıra tədbirlər, o cümlədən Dünya Su Şurası İdarə heyətinin 68-ci iclası keçirilib. İclasda Şuranın növbəti 3 illik Fəaliyyət Planı, 8-ci Dünya Su Forumunun son hesabatları, 9-cu Dünya Su Forumuna hazırlıq işləri və digər məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda içməli su təchizatı və sanitariya xidmətləri barədə məlumat verib. Bildirib ki, "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini təmin edir. Eyni zamanda, su və sanitariya sahəsində layihələndirmə və inşaat, işlərini həyata keçirir. 2013-cü ildən Dünya Su Şurasına üzv olan Səhmdar Cəmiyyət bu təşkilatla sıx əməkdaşlıq edir.
İclasda təşkilati məsələlərə də baxılıb. Dünya Su Şurasına 9 yeni üzvün qəbul olunması müzakirə edilib və müsbət qərar qəbul olunub.