Rövnəq Abdullayev: "Neft məhsullarına daxili tələbat hər il 13-14% artır"
1 Mart 2013 17:00 İqtisadiyyatSon vaxtlar Azərbaycandan neft məhsullarının ixracının azalması ölkə iqtisadiyyatının sürətli inkişafı və ölkə daxilində neft məhsullarına tələbatın böyüməsi ilə bağlıdır. "APA-Economics"in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, neft məhsullarına daxili tələbat hər il 13-14% artır: "Bu, inkişafın göstəricilərindən biri kimi sevindirici olsa da, Neft Şirkəti üçün sərfəli deyil, çünki ölkə daxilində neft məhsulları xaricdən qat-qat ucuzdur". Xatırladaq ki, Azərbaycandan neft məhsullarının ixracı 2012-ci ildə 13,5% azalıb. Azalma bu il də davam edir - 2013-cü ilin ilk ayında neft məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən 14,2% aşağı düşüb. Bununla yanaşı, R.Abdullayev bildirib ki, ölkədən neft məhsullarının ixracının dayanması və ya daxili tələbatı təmin etmək üçün Azərbaycanın özünün xaricdən neft məhsulları almaq təhlükəsi yoxdur: "Biz bu məsələni araşdırıb müzakirə etmişik və qərara gəlmişik ki, 2020-ci ildə Azərbaycanda yeni neft-qaz kimya kompleksi işə düşənədək köhnə zavodlar ölkəni neft məhsulları ilə təmin edə biləcək".