Azərbaycana 1 ton qızıl gətirildi
Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı 3 tona çatdırılıb
1 Mart 2013 16:51 İqtisadiyyatBu gün, 1 mart tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib. ARDNF-in İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.
1 mart 2013-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir.
Qeyd edək ki, Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya edilə bilər. 01 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon ABŞ dolları təşkil edir.