Bakının geosiyasi təhlükəsizliyi və müstəqilliyi üçün xüsusi əhəmiyyətli gediş

Hərbi Alyans Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir

Bu günlərdə Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda, NATO-nun 70 illik yubileyi qeyd edildi. Maraqlıdır ki, NATO-nun 70 illiyi liderlər səviyyəsində deyil, xarici siyasət idarəsi rəhbərləri səviyyəsində qeyd olundu.  Bunun bir neçə səbəblə bağlı olduğuna diqqət çəkən müstəqil ekspert Kamran Sultanlı hesab edir ki, son dövrlər Şimali Atlantika Alyansında, ciddi böhran yaşanır. Onun sözlərinə görə, xüsusilə Tramp kimi antiqlobalist şəxsin hakimiyyətə gəlməsi, Avropa Birliyi  və Birləşmiş Ştatlar arasında fikir ayrılığı, Avroatlantik məkanda maraq toqquşması, liberal dünyanın aşınması və ultrasağ hərakatların genişlənməsi, Avroatlantik təhlükəsizliyin əsas qarantı olan NATO-nun da fəaliyyətinə ciddi təhdidlər formalaşdırır: "Vaşinqton sammitində bir-sıra mühüm məsələlər müzakirə edildi. Rusiya amili, xüsusi olaraq qeyd edildi və Rusiya təhlükəsinə qarşı vahid mübarizə xüsusi olaraq vurğulandı. NATO baş katibi Yens Stoltenberg Trampı, NATO-nun fəaliyyətinə verdiyi dəstəyə görə təriflədi. Halbuki, Trampı 2016-cı ildə alyans rəhbəri NATO üçün təhdid adlandırmışdı. Zənnimcə Stoltenberq indi alyansda həmrəyliyə çalışır. Lakin bu heç də tək Stoltenbergdən aslı bir məsələ deyil. Tramp növbəti dəfə NATO üzvlərindən hərbi xərcləri artırmalarını tələb etdi. Birləşmiş Ştatların hazırda NATO-ya ayırdığı xərclər 4,3 faiz civarındadır.Tramp deyir biz daha çox xərcləyirik, siz də xərcləri artırın, çünki sizi biz qoruyuruq. Tramp burada tamamilə biznes aspekti ilə düşünür. Lakin, Tramp öz fikrində haqlıdır. Çünki Almaniya kimi Avropa liderləri həm Rusiyanın təhlükəsini qabardır, digər bir tərəfdən Rusiya ilə enerji aspekti ilə daha da yaxınlaşır. Almaniya XİN rəhbəri Hayko Maas qeyd etdi ki, Berlin NATO-ya ödəmələrini artıracaq".

Kamran Sultanlı deyib ki, 2017-2018-ci ildə NATO-nun ümumi hərbi xərcləri 271 milyard dollardan çox olub: "NATO-nun üzvləri arasında, Birləşmiş Ştatlardan başqa 9 dövlət müdafiəyə 10 milyard dollar bazisindən artıq xərc çəkir. Bunlar Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Türkiyə, İspaniya, Polşa və Niderlanddır. Trampın 2 faiz civarında xərc tələbini, Britaniya, Estoniya və Yunanıstan təmin edib. Latviya və Litva ÜDM-də xərcləri 2 faizə çatdıracaqlarını söz veriblər. Hazırda onlar 1,7 faiz NATO-ya ödəmə edirlər. NATO-nun ümumi büdcəsi isə, 114 milyard dollardan, 140 milyard dollara çatdırılıb. Polşa Birləşmiş Ştatlar və NATO-nun öz ərazisində baza açması üçün 2 milyard dollara yaxın ödəməyə hazırdı. Artıq Polşada baza açılması razılaşdırılıb. Polşada baza açılmasının əsas məqsədi Şərqi Avropaya, xüsusilə Ukrayna və Gürcüstana dəstəyi artırmaqdır.NATO-nun son toplantısında Gürcüstan və Ukraynaya texniki dəstəyin verilməsi razılaşdırıldı. Həmçinin NATO, Qara dənizdə güclənəcək. Montro anlaşmasına əsasən,Qara dənizi hövzəsinə aid olmuyan ölkələr, yalnız 21 gün ərzində, dəniz sahilində qala bilərlər. Alyans artıq buna çarə tapıb və davamlı olaraq üzv dövlətlər bir-birini əvəz etməklə Qara dəniz hövzəsində gəmi saxlayır. Bu həmçinin Gürcüstan üçün həyati əhəmiyyət daşıyır. 2014-cü ilin Krımın anneksiyasından sonra, NATO öz strategiyasına yenidən baxdı və Qara dənizdə güclənmək, dövlətlərə dəstək vermək qərarına gəldi. Böyük ehtimal alyans Gürcüstan və Ukrayna ilə intensiv təlimlərə davam edəcək. Həmçinin, Britaniya aparıcı NATO üzvü kimi mütəmadi Ukrayna sahillərinə gəmilərini göndərməklə, Ukraynaya dəstək olduğunu nümayiş etdirir". Ekspert deyib ki, NATO-nun Qara dənizdə güclənməsi Türkiyənin də marağına uyğundur: "Krımın anneksiyasından sonra, Rusiya, Qara dəniz hövzəsində real gücə çevrildi. Bu baxımdan Türkiyə həm fərdi qaydada, həm də NATO çərçivəsində Qara dənizdə təhlükəsizliyini qorumağa çalışır.Həmçinin NATO Qara dənizdə güclənəcəksə, Türkiyə Rusiyanın gücünü balanslaşdıracaq. Vaşinqton görüşündə, NATO baş katibi Yens Stoltenberg Azərbaycanın önəmini vurğuladı, xüsusilə "Bakı-Tbilisi-Qars" lahiyəsinə açıq dəstəyini ifadə etdi. Bu qlobal nəqliyyat lahiyəsinin, NATO üçün xüsusi önəm daşıdığını, Azərbaycanın NATO-nun etibarlı tərafdaşı olduğunu vurğuladı. Bu çıxış BTQ-nin rolu, Azərbaycanın tranzit imkanları və NATO Azərbaycan əməkdaşlığı baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfiri Litzenberqer də Bakının, NATO- üçün xüsusi önəm daşıdığını qeyd etmişdi. Litzenberqer NATO-da çalışıb və indi Vaşinqton tərəfindən Bakıya səfir təyin edilib. Zənnimcə bütün bunlar, Bakının geosiyasi təhlükəsizliyi və müstəqilliyi üçün xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı Gürcüstanın NATO-ya üzv olmasına, NATO-nun Qafqaz regionuna daxil olmasına və Qara dənizdə güclənməsinə maraqlıdır. Bu Rusiyanın gücünü regionda balanslaşdıracaq. Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü isə 2025-ci il Balkanların Avroatlantik inteqrasiyasından sonra intensivləşə bilər. Lakin burada alyansın konsensusu xüsusi əhəmiyyət daşıyacaq. Çünki Almaniya və Fransa hələ tələsmək istəmir. Təbii ki, Rusiya region dövlətlərini təhdid edərək, onların avroatlantik təhlükəsizlik strukturuna üzv olmasına və ya inteqrasiya etmələrinə əngəl olmağa çalışacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31