Vətəndaşların sosial rifahının yaxşılaşdırılması dövlətin başlıca vəzifəsidir

2019-cu il Azərbaycana islahatlar ili kimi qədəm qoydu desək yanılmarıq.  Keçən ilin sonlarından start götürən bu islahatlar cari ildə daha da sürətli xarakter aldı. İlin ilk aylarından dövlət başçısı tərəfindən həyatımızın müxtəlif sahələrində həyata keçirilən islahatlar birbaşa Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması və onun yaşam tərzinin gücləndirilməsinə xidmət etdiyindən bu islahatlar ölkə vətəndaşları tərəfindən də birmənalı olaraq müsbət qarşılanır və dəstək görür. Bütün bunlar isə hər şeydən öncə Azərbaycan dövlətinin gücünün, qüdrətinin artmasına, onun dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməsinə yol açır. Millət vəkili Azər Badamov da deyir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidenti İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Onun sözlərinə görə, bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır: "Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir". Millət vəkili qeyd edib ki, Azərbaycanda illərdir sistemili şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın yüksəlişini təmin edib: "Xatırlayırıq ki, hələ qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı öz sabitliyi ilə seçildi və həmin prosesdən demək olar ki, zərər çəkməyən azsaylı dövlətlərdən olduq. Bunun arxasında isə illərdir düzgün istiqamətlənən dövlət siyasəti dayanırdı. Bu gün respublikamız rəqabət qabiliyyəti kifayət qədər yüksək olan iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Azərbaycan hətta ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir. Bütövlükdə, son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən cari ilin ilk iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Qeyd edək ki, bu, son illərin ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu, dünya rekordudur. Sevindirici haldır ki, artıq ildən-ilə ölkəmizin gəlirlərindən qeyri-neft sektorunun payı artmaqdadır. Təbii ki, burada regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu ilin yanvarın 29-da imzaladığı "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib". Azər Badamov bildirib ki, 2019-cu ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan geniş sosial paket çərçivəsində problemli kreditlərlə bağlı mühüm qərar verilməsi də xüsusi vurğulanmalıdır: "Prezident İlham Əliyevin 2019-cu ilin fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyan dövlət tərfindər ödənilir. Bu, bir daha dövlətin öz vətəndaşına göstərdiyi qayğının göstəricisidir". Bu günlərdə "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş insanlara dövlət qayğısına gəlincə, millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə "Diqlas" ticarət mərkəzində baş verən yanğından zərər çəkən vətəndaşlara kompensasiya ödənilməsi ilə bağlı tapşırığın verilməsini,  bununla əlaqədar xüsusi müşavirənin keçirilməsini və müvafiq sərəncamın imzalanması çox yüksək dəyərləndirir: "Cənab Prezdent İlham Əliyev bir daha ümidsiz insanlara ümid verdi. Ölkə başçısı keçirdiyi müşavirədə tezliklə yanğının səbəblərinin araşdırılmasına, sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsinə və müəyyən olunacaq maliyyənin ödənilməsinə dövlət büdcəsindən vəsait ayrılmasına tapşırıq verib. Bu, bir daha cənab Prezidentin siyasətinin təməlində vətəndaşın dayandığını göstərir. Azərbaycan vətəndaşı əmindir ki, ən ağır durumunda belə dövləti, Prezidenti onun arxasındadır. Təbii ki, bu da ölkəmizdə yaradılan dövlət-xalq birliyinin təcəssümüdür. Cənab Prezidentimiz hər zaman vurğulayır ki, Azərbaycan sosial dövlətdir. Bunun anlamı isə ilk növbədə vətəndaşlarımızın sosial problemlərinin təmin edilməsini özündə ehtiva edir. Bu gün aparılan islahatlar, atılan addımlar, qəbul edilən Dövlət proqramları da bu dediklərimizin əyani sübutudur".

Millət vəkili Pərvin Kərimzadə isə deyib ki,  hər zaman xalqın xoş və sevincli günlərində vətəndaşların sevincinə şərik olan dövlətimizin başçısı cənab İlham Əliyev çətin  günlərdə də onların yanında olur: "Heç kim xətadan-bəladan sığortalanmayıb. Elə qəzalar, təbii fəlakətlər var ki, insan onun qarşısında aciz qalır. Lakin müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının ölkə Prezidenti İlham Əliyevin humanist siyasətinə olan etibarı, inamı daim onlara güç və qüvvət verir. Çətinə, dara düşən hər bir azərbaycanlı inanır ki,onun köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezidenti gələcək və dəstək olacaq". Onun sözlərinə görə, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının zərərçəkmiş sahibkarlara yardımı ediləcəyini bəyan etməsi bir daha təsdiq etdi ki, dövlətimiz həmişə əsas tutduğu humanizm prinsiplərinə sadiqdir və hər zaman xalqın yanındadır: "Cənab Prezidentin operativ olaraq  hadisəyə öz münasibətini bildirməsi, sahibkarlara dəyən zərərin araşdıılması ilə bağlı lazımi tapşırıqlar verməsi ölkəmizin sosial dövlət olmasının mahiyyətinin vətəndaşlara daim qayğı göstərmək olduğundan xəbər verir. Azərbaycan Prezidenti ölkədə sığorta sistemində olan nöqsanlara da diqqət yetirib. Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Sığorta sistemində olan çatışmamazlıqlara baxmayaraq Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə yönəldilən humanist siyasət hər zaman olduğu kimi, bu yanğın hadisəsindən zərərçəkmiş sahibkarlara da dəstək oldu. Bu da təkcə sahibkarların deyil, cəmiyyətin, ölkə vətəndaşlarında ruh yüksəkliyi, minnətdarlıq hissi yaratdı. "Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik"-ölkə rəhbərinin müşavirədə səsləndirdiyi bu fikirlər Azərbaycan vətəndaşnı bir daha əmin etdi ki, xoş gündə də, dar gündə də dövlət başçısının diqqət və qayğısından kənarda qalmayacaq. Cənab Prezidentin  16 il əvvəl söylədiyi "Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur"- sözləri bu gün tam təsdiqini tapıb".

Pərvin Kərimzadə deyib ki, İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı dövrdən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri, imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib: "Eyni zamanda, "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zəzəzçəkmiş sahibkarlara dövlət dəstəyi bir daha təsdiqləndi ki, dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31