Milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar böyük əzmlə davam etdirilməkdədir- Təhlil

Ölkə vətəndaşlarının ərzaq təhlükəsizliyinin təmin olunması, bu istiqamətdə qabaqcıl dövlətlərin təcrübələrinin öyrənilməsi son illər qarşıda duran əsas prioritet vəzifələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bütün çıxışlarında, keçirdiyi müşavirə və konfranslarda bu məsələyə xüsusi diqqət çəkərək ölkə vətəndaşlarının ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb. Nəzərə alsaq ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün başlıca addım vətəndaşların təhlükəsiz qidalarla təmin olunmasıdır, o halda ölkədə Qida Təhlükəsizliyi Agentliyinin də yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir neçə il əvvəl dövlət başçısının imzaladığı sərəncam əsasında yaradılıb.  Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə qida sahəsində aparılan islahat xarakterli tədbirlər Cənab Prezident tərəfindən həyata keçirilən strateji yol xəritələrinin və islahatlar dalğasının növbəti bir mərhələsi və tərkib hissəsidir.

Agentlikdə də hesab edirlər ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi, qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi  böyük əzm və qətiyyətlə davam etdirilməkdədir. Hazırda ölkəmizdə qida zənciri boyu məhsulların izlənilməsini, istehlakçıların və sahibkarların hüquqlarının qorunmasını özündə əks etdirən  risk əsaslı yeni nəzarət sistemi qurulmaqdadır.

AQTA-da hesab edirlər ki. bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün hər bir vətəndaşın prosesdə iştirakı və həyata keçirilən tədbirlərə, tətbiq olunan yeniliklərə obyektiv münasibəti xüsusi əhəmiyyət daşıyır. Çünki qurulan yeni qida təhlükəsizliyi sistemi bu sahəyə ictimai marağı, vətəndaş mövqeyini və iştirakını tələb edir.

Təbii ki, ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən islahat xarakterli tədbirlər bu sahədə uzun illərdən bəri insanların təhlükəsizliyi və gələcək nəsillərimizin sağlamlığı bahasına qanunsuz olaraq külli miqdarda gəlir əldə etmiş müəyyən şəxslər tərəfindən heç də xoş qarşılanmır. Ancaq əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən aparılan yoxlama nəzarət tədbirləri zamanı aşkar olunan qanunsuz hallara qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçirilməkdədir.

Agentlik qida sahəsində həyata keçirilən nəzarət tədbirlərində şəffaflığın və effektivliyin daha da artırılması üçün sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edir.  Agentliyin əməkdaşları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri, baytarlıq və fitosanitariya nəzarəti, idxal-ixrac proseslərində sənədləşmə,  qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı sahibkar və ya hər hansı bir vətəndaş tərəfindən qanunsuz hal müşahidə olunarsa, bununla bağlı hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Qida  sahəsində qanunsuz fəaliyyətlərin və  pozuntuların vaxtında və operativ şəkildə qarşısının alınması üçün bir daha vətəndaşları prosesdə aktiv iştirak etməyə və neqativ hallarla bağlı  Agentlik 1003 "Qaynar xətt"inə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verməyə çağırır.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31