Səhmdar cəmiyyəti və kiçik dövlət müəssisələri özəlləşdirilib

Martın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakıda növbəti hərrac təşkil olunub. Komitədən "Olaylar"a bildirilib ki, budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib. Hərraca çıxarılan paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96,6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunmuşdur. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirib. Digər qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 49.2 kv.m olan obyektin ilkin hərrac qiyməti 9 750 manat təyin olunub. Hərrac iştirakçılarından biri 32 min manat təklif edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirib.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki  "Material Təchizat" adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43%-lik səhm paketi investor tərəfindən özəlləşdirildi. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8.8 min kv.m olan səhmdar cəmiyyətinin  ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85.4 kv.m-dir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 750 manata özəlləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31