Bakıda OPEC-in iclası keçirildi
18 Mart 2019 17:25 İqtisadiyyatOPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə yeni üzvlər seçilib
Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. İclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutub.Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC-in prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak ediblər.Tədbirə həmçinin OPEC-in üzvləri Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb. İclasda əvvəlvə Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindon salamlama nitqi söyləyiblər. Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinlənilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan neft bazarının tənzimlənmə prosesinə öz töhfəsini davam etdirəcək. Nazir qeyd edib ki, bu tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur: "Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə OPEC+ formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər. Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan OPEC+ əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirir. Eləcə də bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir. Azərbaycan neft bazarının tənzimlənmə prosesinə töhfə verməkdə davam edəcək".
Sonda icasın yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat Konfransında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih bildirib ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib. Nazir qey edib ki, JMMC neft bazarında baş verən proseslərdən razıdır. "Əməkdaşlıq Bəyannaməsi"ndə iştirak edən ölkələrin sazişə əməletmə səviyyəsi fevral ayında 90 faiz olub. Komitə üzv ölkələrin fevral ayı ərzində kollektiv fəaliyyətindən məmnundur. O bildirib ki, yanvarda isə sazişə əməletmə səviyyəsi 83 faiz olub. Nazir həmçinin bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclasları bu ilin mayında Ciddədə keçiriləcək.
Qeyd edək ki, martın 17-də Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası da baş tutub. İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin yeni üzvləri seçiliblər. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında bununla bağlı qərar qəbul edilib.Tədbiri işıqlandırmaq üçün 20-dən çox xarici media orqanı və yerli KİV-in 180 nəfərə yaxın nümayəndəsi qeydiyyatdan keçib.
Alim