Ölkəni kərə yağı ilə tam olaraq daxili istehsal gücünə təmin etmək asan deyil

Abdulbari Gözal: "Biz öz kərə yağımızı yeni brendlə - "Padar kərə yağı" adı ilə bazara çıxarmağı planlaşdırırıq"

"Bu, tam olaraq Azərbaycan istehsalıdır"

"Azersun Holding" şirkətinin rəhbəri Abdulbari Gözal media nümayəndələri ilə ənənəvi görüşlərdən daha birini keçirib. Əvvəlcə şirkətin Azərbaycandakı fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daha sonra Abdulbari Gözal rəhbərlik etdiyi qurumun Azərbaycandakı ilk fəaliyyəti, ötən illər ərzində əldə etdiyi nailiyyətlər, qarşıya qoyulan hədəf və məqsədlər barədə jurnalistləri ətraflı məlumatlandırıb. Bildirib ki, rəhbərlik etdiyi şirkətin Azərbaycanda fəaliyyətə başlamasında ümummilli lider Heydər Əliyevin xeyir-duası və böyük əməyi olub. Abdulbari Gözal deyib ki, 1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmağa başladı. İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmirdi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, geri qalanı isə istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə işsizlərdən ibarət böyük bir ordu yarandı. Artıq 1993-cü ildə Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı. Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün işlər görməyə başladı".  Abdulbari Gözal bildirib ki, ilk olaraq Azərbaycanda İntersun Şirkətlər Qrupunun Azərbaycandakı təmsilçiliyi yaradılıb. "Azərsun Holdinq" 1994-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi".

Abdulbari Gözal deyib ki, onun üçün əsas prinsip müştəri məmnunluğu və daha çox mal satmaqdır. Rəhbərlik etdiyi müəssisə və zavodların istehsal etdiyi məhuslların ilk istifadəçisi özü olduğunu deyən Abdulbari Gözal onu da qeyd edib ki, özü istehsal edilən məhsulun keyfiyyətinə tam əmin olandan sonra onun satışına yol açılır. Abdulbari Gözal bir ticarətçi olaraq halallığa daha çox üstünlük verdiyini söyləyib və qeyd edib ki, ümummilli lider Heydər Əliyev də bu prinsipinə görə, hər zaman onu təqdir edib.

Çıxışında dünyada gedən proseslər, iqtisadi böhran, bundan dolayı meydana çıxan çətinliklərə də toxunan Abdulbari Gözal onu da diqqətə çatdırıb ki, bütün bunlara rəğmən şirkət özünün normal fəaliyyətini davam etdirir və istehsal etdiyi məhsullarda da heç bir qiymət artımı baş vermir. Onun sözlərinə görə, hazırda dolların dəyərinin sabit qalması da bunu önləyir. Bəzi dairələrin şirkətdə yaranan maliyyə böhranından dolayı işçilərə əmək haqqının verilməsində çətinliklər yarandğı barədə iddialarına da Abdulbari Gözal aydınlıq gətirib. Bildirib ki. Onun üçün hər zaman işçinin əmək haqqının ödənilməsi əsas diqqətdə olan məsələdir. Təkcə Azərbaycanda deyil, eləcə də Türkiyə və digər ölkələrdə çalışdığı illərdə də bu prinsipə üstünlük verdiyini söyləyən Abdulbari Gözal rəhbərlik etdiyi qurumda işçilərin əmək haqqının verilməsində hər hansı problemin yaranmadığını diqqətə çatdırıb. Şirkət rəhbəri "Azərsun Holding"dən işçilərin ixtisara düşməsi xəbərini də təkzib edib. Abdulbari Gözal deyib ki, əskinə yaxın vaxtlarda şirkətdə əlavə 1000 nəfərə yaxın işçiyə ehtiyac olacaq. Ancaq şirkət rəhbəri bununla yanaşı "Azersun Holding"in gəlirlərinin azaldığını da etiraf edib. O, bildirib ki, gəlirlərin azalması rəsmi işləmələri ilə bağlıdır: "Bir sıra rəqiblərin qeyri-rəsmi işləmələri ilə bağlı olaraq bazarda haqsız rəqabət var. Biz bu barədə Vergilər Nazirliyinə müraciət etmişik". Abdulbari Gözəl əlavə edib ki, istehsalda yerli rəqibimizin olmaması bizi bir qədər təmbəlləşdirir: "Əgər bazara xarici rəqib gəlsə, biz nokaut olarıq". Abdulbari Gözal gəlirlərin aşağı düşməsinin digər bir səbəbi kimi Rusiya və Ukraynadan Azərbaycana şəkər tozunun idxal edilməsini göstərib. Qeyd edib ki, hazırda şəkər tozunda dempinq var. Rusiya və Ukrayna Azərbaycan bazarına şəkər tozunu maya dəyərindən də aşağı qiymətlərə göndərirlər: "Keçən il Rusiya dempinq etdi, bu il Ukrayna dempinq ilə məşğuldur. Şəkəri tozunu Azərbaycana maya dəyərindən də aşağı qiymətlərə satırlar".

Müntəzəm olaraq mübahisə predmetinə çevrilən və KİV-lərdə daha çox yer alan "Azersun Holding"in istehsal etdiyi məhusllara palma yağının qatılması məsələsinə də toxunan Abdulbari Gözəl deyib ki, palma yağından Avropada, Amerikada, dünyanın hər yerində geniş istifadə olunur: "Hər yağın öz istifadə yeri var. Palma yağı şirniyyat sənayesi üçün məqsədəuyğundur. Bir çox uşaq qidalarında palma yağından geniş istifadə edilir. Mən özüm Asiyada palma sahələri və palma yağının istehaslı ilə tanış olmuşam. Palma yağı super yağdır. Sadəcə müxtəlif vaxtlarda bu yağı gözdən salmağa çalışıblar. Əvvəllər soya yağı istehsalçıları bunu edirdilər. İndi dünyada soya yağı palma yağına qarşı mövqeyini itirib".

Azərbaycanın illik kərə yağ tələbatına gəlincə  Abdulbari Gözəl qeyd edib ki, bu göstərici 12-15 min ton arası təşkil edir. O bildirib ki, ölkəni kərə yağı ilə tam olaraq daxili istehsal gücünə təmin etmək asan deyil: ""Biz öz kərə yağımızı yeni brendlə - "Padar kərə yağı" adı ilə bazara çıxarmağı planlaşdırırıq. Bu, tam olaraq Azərbaycan istehsalıdır. Azərbaycanda şit yağa tələbat çox yüksəkdir. Zənnimcə, bu məhsul olmalıdır, lakin çox miqdarda deyil. Çünki bu yağ insan sağlamlığına heç də müsbət təsir göstərmir. Ən xeyirli yağlar - zeytun, qarğıdalı və diğər bitki mənşəli yağlarıdır. Çünki onlarda xolesterin yoxdur".

Abdulbari Gözəl onu da diqqətə çatdırıb ki, şirkət bundan sonra da hər zaman olduğu kimi "Qarabağ" futbol klubuna dəstəyini davam etdirəcək.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31