Ölkədə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir- RƏY

Səttar Möhbalıyev: " Prezident əhalini narahat edən sosial məsələləri daim diqqətdə saxlayır"

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət ölkə ictimaiyyəti tərəfindən birmənalı çəkildə dəstəklənir. Vətəndaşlar bu istiqamətdə atılan addımları yüksək qiymətləndirməklə yanaşı, gələcəkdə də bu siyasətin davam edəcəyini əminliklərini ifadə edirlər. Elə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bi qənaətdədir. AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev bildirib ki, ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Onun birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin yüksəldilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlar əhalimizin sosial müdafiəsinin yaxşılaşdırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etməkdədir: "Ölkə Prezidentinin bilavasitə göstərişləri ilə həyata keçirilən islahatların nəticələri iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpmaqdadır. Ölkəmizin kadr potensialından düzgün istifadə, onların yerləşdirilməsi, həmin sahələrdə nəzarətin gücləndirilməsi əsaslı müsbət dəyişikliklərə səbəb olub. Bu gün inamla demək olar ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Gömrük Komitəsinin vasitəsilə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar açıb. Məhz bu sahələrin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin maliyyə imkanları daha da genişlənib, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlmiş qərarların qəbul edilməsinə şərait yaranıb. Yeni komplekslərin, müəssisələrin, infrastruktur obyektlərinin yaradılması iş yerlərinin açılmasına, büdcəyə vergi, gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artması, sözsüz ki, uğurlu nəticələrə gətirib çıxarıb".

AHİK sədri qeyd edib ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, sosial xidmətlərin vahid platforma və "bir pəncərə"dən şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və "DOST" Mərkəzinin yaradılması da vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir: "Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli faktordur. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliyi hesabına əldə olunmuş nəticədir. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və sair Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Belə ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdı".

S.Möhbalıyev bildirib ki, uzun illər idi ki, həmkarlar ittifaqları olaraq, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması məsələsi dövlət və hökumət orqanları ilə apardığımız danışıqlarda, partnyorlarla bağladığımız Baş Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in və sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı. Minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir və biz tərəfdaşlarımızla birlikdə uzun illərdir bu məsələnin həlli yolları üzərində işləyirik. Bildirməliyəm ki, bu, respublikamızın bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əməkhaqqının məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamı artıq bu məsələnin həllinə imkanlar açıbdır: "Cənab Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı da 180 manatdan aşağı olmayacaq. Bir sözlə, martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidir".

AHİK sədri vurğulayıb ki, cənab prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır. Məsələn, şəhid ailələrinə, istisnasız olaraq, birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir: "Prezident İlham Əliyev bir müddət öncə  "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin ayrılması haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği cari il aprelin 1-dən 50 faiz artırılacaq ki, bu da dövlət başçısının məcburi köçkünlərin sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğının təzahürüdür. Ölkə başçısı  fevralın 21-də Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi, cari məsələlərin həlli və tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentin ehtiyat fondundan İctimai Birliyə bir milyon manat ayrılması, şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi qeyd olunub. Bu sərəncam da dövlətin insanlara qarşı həssas davranışının daha bir nümunəsidir".

Alim

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31