Prezident verilən sözə əməl etməyin nümunəsini göstərdi- Təhlil

İlham Əliyev:  "Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq"

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Təsadüfi deyil ki,  iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir". Xatırladaq ki, dövlət başçısı səsləndirdiyi bu fikirləri Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ zamanı öz əməli faliyyəti ilə təsdiq etmiş oldu. Belə ki,  hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Görülən işlərlə yerində tanış olmaq üçün Prezident İlham Əliyev martın 6-da yenidən zəlzələ bölgəsinə səfər edib. "Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir" deməklə ölkə başçısı bir daha dövlətin xalqın yanında olduğunu sübut edib. Bunu8nla kifayətlənməyən dğvlət başçısı vətəndaşların şikayət məktublarını şəxsən qəbil edib: "Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq".

İnsafən qeyd edilməlidir ki, həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Son 13 ildə əhalinin yüksək sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır.  Və bu, özünü çox qısa müddətdə yoxsulluq səviyyesinin  50 faizdən 5 faizədək düsməsində göstərib. Millət vəkili  Tahir Mirkişili qeyd edib ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. O, prezident seçildikdən sonra ilk qəbul etdiyi proqram 2004-cü ildə sosial-iqtisadi inkişaf ilə bağlı olub və keçən 16 il ərzində əhalini sosial rifahı üçün xeyli iş görülüb. Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və idarəetmə islahatların daha da sürətləndiyini deyən deputat söyləyib ki, məhz bu islahatlar nəticəsində 2018-ci ildə ölkə iqtisadiyyatı artım nümayiş etdirdi və əlavə mənbələr hesabına dövlət büdcəsinin də gəlirləri artdı. Onun sözlərinə görə, təkcə 2019-cu ilin ilk ayı ərzində vergi və gömrük sahəsində əlavə 105 milyon manat vəsait yığılıb ki, bütün bunlar islahatların iqtisadi artıma mühüm və müsbət təsirindən xəbər verir: "Belə bir şəraitdə iqtisadi imkanlardan əhalinin sosial rifah halının gücləndirilməsində sərf olunması dövlət başçısının sosial təşəbbüslərinin daha da gücləndirilməsi deməkdir ki, bu da hər kəs tərəfindən yüksək qiymətləndirilir. 2 milyon 200 min insanı əhatə edən sosial artımlar həm əhalinin maddi rifah halını yaxşılaşdırır, həm də iqtisadi aktivliyi daha da canlandıracaq". T.Mirkişili söyləyib ki, prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman dünyada nadir rast gəlinən hallardan biridir: "Bu problemin həll edilməsi dövlət-vətəndaş münasibətlərində etibar və dəstək məsələsini daha üst səviyyəyə qaldırıb. Problemli kreditlər iqtisadi inkişafın qarşısında mühüm bir maneə kimi dayanmışdı. Nəhayət, bu problem aradan qaldırıldı. Getdikcə problemin səviyyəsi artırdı. Problemli kreditlər maliyyə sisteminin sağlamlaşdırılmasında bir maneə kimi qalmışdı və bunu həll etmək lazım idi. Baxmayaraq ki, bu məsələdə dövlətin hüquqi və maliyyə öhdəliyi yox idi. Çünki burada məsələlər vətəndaş və özəl sektor arasında tənzimlənirdi, müqavilələr də var idi. Məsələnin həlli bir daha göstərdi ki, ümumi problemlərin həllində dövlət hər zaman təşəbbüs göstərməyə, bunun üçün kifayət qədər vəsait ayırmağa hazırdır. Burada ümumilikdə 1 milyard manatdan çox vəsaitin ayrılmasından söhbət gedir və kifayət qədər böyük məbləğdir. Bu da iqtisadiyyatın inkişafının hərtərəfli təmin olunması baxımından dövlətin atdığı vacib addımdır". Banklara dəstək məqsədilə 682 milyon manat həcmində illik 0.1% dərəcə ilə 5 illiyinə vəsait ayrılması nəzərdə tutulduğunu deyən deputat vurğulayıb ki, əslində bu fərman bütün banklara böyük bir dəstəkdir: "Çünki, kreditlərin ödənməməsi bankların maliyyə durumunu xeyli çətinləşdirir, yeni kredit layihələrini həyata keçirilməsinin qarşısını alırdı. Vətəndaşa və banka kömək etməklə dövlət bu problemin hər iki tərəf üçün həllinə nail olur. Bundan başqa Vergi Məcəlləsinə dəyişikliklər bu il 1 yanvar tarixindən qüvvəyə mindi. Müşahidələr göstərir ki, fiziki və hüquqi şəxslər bu dəyişiklikləri müsbət qəbul etməkdədirlər. Vergi yığımının də səviyyəsinin artması bunu deməyə əsas verir. Yeni dəyişikliklər şəffaflığı artıracaq və sahibkarlarda şəffaflıq üçün bir stimul yaradacaq. Doğru uçotun aparılmasının rəqabətdə qalib gəlməyin və gəlirlərin artırılmasının əsas şərti olduğunu əksək sahibkarlar qəbul etməkdədirlər. Yeni dəyişikliklər bunu həm də təşviq edir". T. Mirkişili düşünür ki, aparılan iqtisadi islahatlara uyğun olaraq vergi məcəlləsi də daim təkmilləşdirilməlidir: "İqtisadiyyatdan və sahibkarlardan gələn sosial və iqtisadi sifarişə uyğun olaraq bu iş daim davam etdiriləcək. Hələlik ki, bazar subyektlərinin yeni dəyişikliklərə uyğunlaşması prosesi gedir və bu proses çox uğurludur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31