Regional proqramlar bölgələrdə sosial problemlərin həllinə təkan verib

Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etməkdədir. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət nəticəsində  qarşıya qoyulan bütün vəzifələr icra olunub, nəticədə ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib. Əldə edilən uğurlarda Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi yeri var. Sözügedən layihə Masallı rayonunun da inkişafına təkan verib. 2018-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri bunu deməyə əsas verir. Xüsusilə  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Masallıya səfəri bir sıra soaial obyektlər və istehsal müəssisələrinin açılışı ilə müşayət olunub.  Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonunda səfərdə olub və bir sıra obyektlərin açılışında iştirak edib. Masallı Sənaye Məhəlləsi, "Masallı nemətləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilib. Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olmuş və razılığını bildirib. Regionların sosial iqtisadi inkişaf proqramı çərçivəsində Park-Bulvar Kompleksinin tikintisi ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən ilkin olaraq yatağın beton məcraya salınmış 591 poqometrlık sağ və sol hissəsində torpaq materialının əraziyə daşınması və relyefin ümumi hamarlanması işləri görülüb, 2 hissədə yağış sularının kənarlaşdırılmasından ötrü drenaj şəbəkəsi qurulub, ərazidən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin və rabitə xəttinin yerləri dəyişdirilib, körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı təmir işləri yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 sentyabr 2018-ci il tarixdə Masallı rayonuna səfəri zamanı çay yatağının şəhər ərazisindən keçən hissəsində tikintisinə başlanılmış Park-Bulvar Kompleksi ilə tanış olub, görülən işləri yüksək qiymətləndirərək tikinti-quraşdırma işlərinin tam başa çatdırılmasından ötrü müvafiq tapşırıqlarını verib.

Regional proqramlar çərçivəsində rayonda fəaliyyət göstərən tibb müəssisələrinin maddi texniki bazasının acınacaqlı vəziyyətdə olması nəzərə alınaraq son yeddi ildə bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu dövr ərzində ümumilikdə 23 səhiyyə müəssisəsi yenidən qurulub, o cümlədən hər biri 15 çarpayı yerlik Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilib. Bundan əlavə müxtəlif kəndlərdə 19 həkim və tibb məntəqəsi yenidən tikilərək istifadəyə verilib, yaxın günlərdə isə Lürən həkim məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin 240 çarpayı yerlik rayon Mərkəzi Xəstəxanası ən müasir səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilib. Onu da qeyd edək ki, son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanaraq  Nazirlər Kabinetinə təqdim edilib. Rayonda əhalinin içməli su ilə təminatı da diqqət mərkəzində saxlanıb. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9145 sayğac quraşdırılıb.Muğan zonasında yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılıb. Belə ki, hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt, o cümlədən rayonun Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndlərində su xətləri çəkilmiş və layihəyə uyğun bulaqlar quraşdırılmışdır. Əlavə olaraq bu il 13 kəndə suyun verilməsi nəzərdə tutulur. Masallıda son illər sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və miqyası genişlənməkdədir. "Tüklə" yarımstansiyaları istifadəyə verilib. Dövlət Proqramı çərçivəsində cari ildə 460 abonent olan Güllütəpə və 324 abonent olan Tatyan kəndləri qaz xəttinə qoşulub. Bununla da rayon üzrə qaz alan abonentlərin sayı 39458-ə çatıb. Bu da ümumi abonentlərin 96 %-i deməkdir. Masallıda 103 yaşayış məntəqəsindən 90-ı qazlaşdırılmış və qaz almayan 13 yaşayış məntəqələri barədə məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və "Azəriqaz" İB-ə təqdim edilib.

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində rayonda təmir-tikinti işlərinə xüsus diqqət yetirilib.  Belə ki, son yeddi ildə Masallı şəhərində küçələrin sayı 15-dən 115-ə çatdırılıb və əksər küçələrdə təmir işləri aparılıb. Şəhər ərazisində 9 inzibati bina, 3 idman, 6 mədəniyyət obyekti tikilib. Eyni zamanda 1 məktəb, 1 bağça, həmçinin Mərkəzi rayon xəstəxanası əsaslı təmir edilib, 2 bağça üçün yeni bina tikilib. Bu dövr ərzində şəhər ərazisində Heydər Əliyev Parkı və "Qəhrəmanlar parkı" yenidən qurulmuş, Bayraq meydanının tikintisi başa çatdırılıb. Şəhər ərazisində yerləşən 73 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri yekunlaşdırılıb, rayonun müxtəlif ərazilərində 24 subartezian quyusu qazılıb istifadəyə verilib. Bu dövr ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə ümumilikdə 302 kilometr uzunluğunda kəndarası yollarda təmir işləri aparılıb, Şərəfə, Türkoba, Xıl, Gəyəçöl, Səmidxan Miyankü, Böyük Xocavar və Babaser kənd həkim məntəqələri, Sərçuvar kənd uşaq bağçası, Əmirtürbə, Ləngan, Mololon kəndlərində əlavə sinif otaqları tikilib istifadəyə verilib. Bundan əlavə Kolatan kəndində inkubator tikilib, Sığdaş, Xəlfələr, Abasbəyli kəndlərində su xətləri çəkilib, Türkoba, Əhmədli və Köhnə Alvadı kəndlərində ümumilikdə 17500 metr suvarma kanallarında təmizlik işləri həyata keçirilib.

Regional proqramların icrası nəticəsində Masallıda kənd təsərrüfatı sahəsinin də inkişafına nail olunub. Belə ki, yeni sənaye müəssisələrinin açılması davamlı xarakter alıb. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 18 layihə üzrə 374 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 65 yeni iş yerinin açılmasına səbəb olub. Məlum olduğu kimi 225 min sakini olan Masallıda əhalinin 90 faizə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Masallı rayonunda 2018-ci ildə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülüb. Hal-hazırda rayonda ixtisaslaşmanın aparılması, region üçün ənənəvi olan əkin sahələrin genişləndirilməsi və aqrar sahədə kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilməkdədir. Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektar sahədə yeni sitrus (naringi) bağları, Köhnə Alvadı ərazisində 1,0 hektar mandarin bağı və Güllütəpə ərazisində isə 3,2 hektar yeni fındıq bağları salınıb. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində "Azərsun-Holdinq" tərəfindən yeni salınan çay sahələri 100 hektara çatdırılıb, eyni zamanda Kolatan kəndi ərazisində 1,0 hektar yeni cay plantasiyası salınıb və əvvəlcədən saxlanılan 2 hektar çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 103 hektara çatdırılıb. Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işləri yekunlaşdırılıb. Masallı rayonunda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair proqram hazırlanıb. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əkinə yararlı torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə cəlb oluna bilər ki, bu da 40000 - dən artıq yeni iş yerinin yaranmasına səbəb olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31